İrəvanın UCUZ SPEKULYASİYASI: “Əgər Ermənistan belə bir addım atmağa cəhd edərsə…” – ŞƏRH

“Paşinyanın o tədbirdəki çıxışı da sanki Ermənistandakı bu çağırışlara dəstək xarakteri daşıyırdı”.

Bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilmiş sammitinin Ermənistanda bu qurumla bağlı planlarına təsirini dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib

Onun sözlərinə görə, Ermənistan nə qədər manipulyasiya etsə də, onun KTMT üzvlüyündən çıxması real deyil:

“Ermənistan müxalifəti cəmiyyətdəki ovqata uyğun olaraq tələb edirdi ki, ölkə KTMT üzvlüyündən çıxsın. Çünki onlar belə hesab edirlər ki, Azərbaycanla son sərhəd insidentləri zamanı KTMT öz öhdəliklərindən yayınaraq Ermənistanın müraciətini nəzərə almayıb, ona dəstək verməyib, yanında olmayıb.

Xatırlayırsınızsa, sentyabr döyüşlərindən sonra KTMT sərhəddəki vəziyyəti dəyərləndirmək üçün Ermənistana bir heyət də göndərdi. O heyət ərazidə müəyyən araşdırma apardı və belə nəticəyə gəlindi ki, bu olayda haqlı tərəf Ermənistan deyil.

Onların əsas arqumenti sərhədlərin hələ tam dəqiqləşdirilməməsi, demarkasiya və delimitasiya işlərinin yekunlaşdırılmaması olmuşdu. Ona görə də sərhəddə baş verən insidentlər zamanı qarşıduran tərəflərdən hansının haqlı, hansının haqsız olduğunu ayırd etmək mümkün deyil. Əks halda, “Putin NATO-su” sayılan KTMT buna hər hansı formada reaksiya verərdi.

Təşkilatın belə mövqe tutması Ermənistanda bu quruma yönəlik narazılıqları xeyli artırıb. Onlar bu mövqedən çıxış edirlər ki, KTMT öz üzvü olan Ermənistanın yanında olmursa, o halda ölkənin həmin alyansda qalmağının heç bir əhəmiyyəti yoxdur. Belə yanaşmalar üstünlük təşkil edir.

Paşinyanın o tədbirdəki çıxışı da sanki Ermənistandakı bu çağırışlara dəstək xarakteri daşıyırdı. O, adəti üzrə KTMT-dən Azərbaycanı suçlayaraq Ermənistanın yanında olmağı tələb etdi. Əslində, bu, Ermənistan Baş nazirinin növbəti siyasi gedişi kimi qiymətləndirilməlidir.

Hamıya aydındır ki, Ermənistan nə qədər manipulyasiya etsə də, onun KTMT üzvlüyündən çıxması real deyil. Əgər belə addım atmağa cəhd edərsə, o zaman Rusiya Ermənistanı sərt şəkildə cəzalandırar. Bu səbəbdən, bir daha vurğulamaq istərdim ki, Ermənistan hakimiyyətinin KTMT-yə qarşı demarşları manipulyasiyadan başqa bir şey deyil və buna əhəmiyyət verməyə ehtiyac yoxdur”.

A.Zeynalov