İş adamından prezidentə müraciət: «Kəbirə Məmmədova pulumu vermir və məni təhdid edir»

dfffrrİş adamı Rafil Həsənov ölkə prezidentinə müraciət edib

İş adamı: «Kəbirə Məmmədova 2006-cı ildə məndən 135 min manat alıb. İndi isə deyir ki, get dərdini kimə deyirsən, de».

Yenicag.az xəbər verir ki, bu sözləri PİA.AZ-ın redaksiyasına gələrək şikayət edən iş adamı Həsənov Rafil Abasət oğlu söyləyib.

Şikayətçinin bildirdiyinə görə, hələ 2006-cı ildə Binə Ticarət Mərkəzi tikildiyi zaman o, Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat verib. Lakin aradan 9 il keçməsinə baxmayaraq, Kəbirə Məmmədova iş adamının nə pulunu, nə də dükanını verir:

«Mən 2006-cı ildə şahidlərin yanında Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat vermişəm. Aradan 9 il keçməsinə baxmayaraq, dükanlarımı ala bilmirəm. Uzun mübahisələrdən sonra Kəbirə Məmmədova mənim pulumun yarısını – 70 min manatımı qaytarıb. İndi isə, Kəbirə Məmmədova mənim yerdə qalan pulumu, yəni 65 min manatımı qaytarmaqdan imtina edir. Deyir yer verim, gedin dükanı özünüz tikin. Halbuki mən 135 min manatı Binə Ticarət Mərkəzinin mərkəzində dükan almaq üçün vermişdim. Buna görə də pulumu geri istəyirəm. Amma Kəbirə Məmmədova mənə deyir ki, sənə veriləcək pulum yoxdur. Get dərdini kimə deyirsən, de. Hətta məni hədələməkdən belə çəkinmir. Sözün düzü, mən başa düşə bilmirəm, biz hüquqi dövlətdə yaşayırıq, ya başqa bir sistemdə. Mən deyəndə ki, cənab prezidentə, hüquq-mühafizə orqanlarına şikayət edəcəm, deyir ki, get kimə deyirsən de. Bu artıq Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxumasıdır. Elə ona görə də sizin vasitənizlə möhtərəm prezidentimiz İlham Əliyevə müraciət edirəm.

Cənab prezident!

Bizim bütün nəslimiz sizin yürütdüyünüz siyasəti dəstəkləmişik və dəstəkləmək də davam edirik. Lakin son çıxışınızda özünüz də vurğuladığınız kimi, bir çoxları sizin yürütdüyünüz siyasətə kölgə salmaqla məşğul olurlar. Sahibkarlara normal fəaliyyət göstərmək imkanı verməyən şəxslərdən biri də məhz Kəbirə Məmmədovadır. Dəfələrlə bu xanım sahibkarın Binə Ticarət Mərkəzində sahibkarlara dözülməz şərait yaratması ilə bağlı şikayətlər ölkə mətbuatında dərc olunur. Hətta Binə Ticarət Mərkəzində çalışan sahibkarlar etiraz aksiyaları belə keçiriblər. Amma hansısa sehirli qüvvə Kəbirə Məmmədovanı həmişə müdafiə edir. Onun bütün qanunsuz əməlləri ört-basdır edilir. Hazırda vəziyyət elədir ki, Kəbirə Məmmədova bir çox sahibkarlardan aldığı pulları qaytarmaqdan imtina edir. Onlardan biri də mənəm. Kəbirə Məmmədova nəinki mənim pulumu qaytarmır, hələ üstəlik mən təhdidlərlə üz-üzə qalmışam.

Cənab prezident!

Sizdən xahiş edirəm, Kəbirə Məmmədovanın fəaliyyətinin yoxlanılması üçün tapşırıq verəsiniz. O zaman, məlum olacaq ki, bu xanım sahibkar nə qədər iş adamının normal fəaliyyət göstərməsinə mane olub, nə qədər insana zülm edib və nə qədər ailənin çörəyinə bais olub. Əslində Kəbirə Məmmədova kimilərinin fəaliyyəti birbaşa sizin sosial-iqtisadi siyasətinizə qarşıdır və Azərbaycanda narazılıq toxumu səpir, həmçinin Azərbaycan xalqının. Azərbaycanı sizin istəyinizə uyğun olaraq çiçəklənən və daima inkişaf edən bir ölkəyə çevirmək üçün sahibkarların qarşısında maneəyə çevrilənlər, o cümlədən Kəbirə Məmmədova kimi sahibkarlığın inkişafına mane olan, onları aldadan və sahibkarları davamlı olaraq istimar edənlər öz cəzalarını almalıdırlar.

Bir daha sizə təşəkkürümü bildirirəm».

Xatırladaq ki, digər TM-lərindən, elə həmin ərazidə fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzindən fərqli olaraq Binə Ticarət Mərkəzi davamlı olaraq müxtəlif qalmaqallarla ölkə gündəminə gəlir. Burada çalışan sahibkarlar dözülməz şəraitlə bağlı şikayətlər edir və etiraz aksiyaları keçirirlər.

Qeyd edək ki, məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd eləsək də, cəhdimiz uğursuz oldu. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.