!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsa Qəmbərə “keçmiş olsun” deyənlər…

!Reklam – Yazi

Ölkə siyasətinin tanınmış simaları səhhətində problem yaranan Müsavat lideri İsa Qəmbərin səhhətinin tezliklə bərpa olunmasını arzulayırlar.

Yenicag.az xəbər verir ki, Müsavat Partiyasının sabiq başqanı, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər 3 gün öncə səhhətində yaranmış problemlərlə bağlı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Məlum olduğu kimi, sivil ölkələrdə siyasi münasibətlərdən asılı olmayaraq, səhhətində problem yaranan siyasətçiyə dostları ilə yanaşı, rəqibləri də “Keçmiş olsun” mesajlarını çatdırır, ehtiyac yarandıqda isə hətta onlara baş çəkirlər. Bu münasibətlərin ən bariz örnəyini Türkiyədə görə bilərik.
O baxımdan, maraqlıdır, siyasətçilər, partiya sədrləri İsa Qəmbərlə əlaqə saxlayaraq, ona şəfa diləyiblərmi?

Yenicag.az bu məsələni dəqiqləşdirmək üçün siyasətçilərlə əlaqə saxlayıb.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, İsa Qəmbərin xəstəxanaya yerləşdirildiyini öyrənən kimi ona zəng vurub:

Sərdar Cəlaloğlu

“Lakin İsa bəy zəngimə cavab vermədi. Belə başa düşdüm ki, vəziyyəti hələ telefonlara cavab vermək üçün münasib deyil. Ona mesaj yazaraq, tezliklə ayağa qalxmasını arzuladım. Vəziyyəti düzəlsin, onu ziyarət etməyi düşünürəm”.

Milli Şuranın sədri Cəmil Həsənli İsa Qəmbərə Allahdan şəfa dilədi:

Cəmil Həsənli

“İsa Qəmbərə baş çəkməmişəm, amma “Keçmiş olsun” demişəm. İsa bəyə sağlamlıq, tezliklə xəstəxanadan çıxmasını arzulayırıq. İstəmirik ki, bu məsələlər uzansın. Yəqin ki, uzanmayacaq da. Amma yatmalı olsa, əlbəttə ki, baş çəkəcəyəm”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də İsa Qəmbərin tezliklə sağalaraq ailəsinə dönməsini arzu edib:

Aydın Mirzəzadə

“İki gün öncə saytlardan biri bununla bağlı mənə sual verdikdə, bildirdim ki, Allah şəfa versin. Arzu edirik ki, tezliklə sağalıb ailəsinə qayıtsın. Hər bir insan xəstələnə bilər.
Siyasi mövqe siyasi mövqe olaraq qalır. Ancaq bununla belə, insanların problemləri olarkən siyasəti, iqtidar-müxalifət məsələlərini qabartmaq düzgün deyil.
Kimliyindən asılı olmayaraq, hər bir insanın sağlam olması, özünün və ailəsinin çətinliklərlə üzləşməməsini arzulayıram. 10 milyon Azərbaycan vətəndaşından biri kimi, İsa Qəmbərin də sağlam olmaq və tezliklə ailəsinə qayıtmaq hüququ var”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də İsa Qəmbərə sağlıq diləklərini hələ ki yazılı çatdırıb:

Əli Əliyev

“İsa bəyə zəng etməmişəm. Ancaq Arif Hacılının sosial şəbəkədə İsa Qəmbərlə xəstəxanada çəkdirib paylaşdığı şəklə rəy yazaraq, onun tezliklə sağalmasını, fəaliyyətini bərpa etməsini arzulamışam.
İsa bəyi xəstəxanada ziyarət edəcəm. Bir həkim olaraq bilirəm ki, İsa bəyə qoyulmuş diaqnoz onu bu günlərdə narahat etmək üçün uyğun deyil. Ancaq qarşıdakı günlərdə ona baş çəkəcəm”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə İsa Qəmbəri bu gün ziyarət edəcəyini bildirib:

Tural Abbaslı

“İsa bəyə bununla bağlı mesaj yazaraq “Keçmiş olsun” demişəm. Ürəyində problem yaranmış şəxsi ziyarət edərək, onu yormasaq yaxşıdır. Belə xəstələr üçün istirahət daha vacibdir. Ona görə də mesaj vasitəsilə Allahdan şəfa dilədim. Onu ziyarət etməyimiz mümkündür. Yaxınları ilə əlaqə saxladım. Bu gün ərzində həkimlər icazə versələr, ziyarət etmək niyyətindəyik. Ümid edirəm ki, görüşə biləcəyik. Görüşə bilməsək də, Allahdan şəfa diləyirəm”.

Müsavat başqanı Arif Hacılı da bildirib ki, çox sayda siyasətçi onunla əlaqə saxlayaraq, İsa Qəmbərin səhhəti ilə bağlı maraqlanıblar. Ancaq o, İsa Qəmbərə “Keçmiş olsun” deyən siyasətçilərin kimliyini açıqlamayıb:

Arif Hacılı

“Təbii ki, İsa Qəmbər Azərbaycanın görkəmli siyasi xadimi olduğundan, onun səhhətində problem yaranması ölkədə belə reaksiya doğurub. Bununla bağlı bir qayda olaraq xoşməramlı reaksiyaların şahidi olduq. Siyasi partiya nümayəndələrindən, cəmiyyətin müxtəlif təbəqələrindən maraqlanan, hal-əhval tutan adamlar da oldu.
İsa bəyin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirik və narahatçılığa əsas olmadığını bildiririk. Yaxın bir-iki gündə İsa bəy xəstəxanadan çıxacaq və fəaliyyətini davam etdirəcək”.

Elçin
Araz

www.yenicag.az

2205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv