!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsa Sadıqova müdafiə nazirliyi vəd edilmişdi - "Surət Hüseynovu bitir..."

!Reklam – Yazi

“İqtidarın, istər qərəzli, istər obyektiv, tənqidinə ordumuzu qoşmaq yolverilməzdir və dövlətçilik şüurunun zəifliyini göstərən çox pis ənənədir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri hərbi icmalçı Nazim Bayram  keçmiş müdafiə nazirinin müavini İsa Sadıqovun  müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O,  qeyd edib ki, ordunu və döyüş əməliyatlarını təhlil və tənqid etmək üçün gərək hərbi peşəni, ordudakı real vəziyyəti  dərindən biləsən:

“Hansısa bir hərbçinin yoxlanılmamış sözü ilə bu işlərdə qəti fikir bildirmək sözünə və özünə hörmətsizlikdir. Ordunun döyüş hazırlığını və döyüş fəaliyətini təndiq edən kəs, nöqsanların aradan qaldırılması üçün çıxış yollarını göstərmirsə, bu  artıq qaralamadır. Belə gözdən salma kampaniyasının hədəfi isə siyasi iqtidardır. Burada ordu siyasi məqsədlərlə sadəcə vicdansızcasına istismar olunur. Bizdə isə siyasi qaralama kampaniyasında  təəsüf ki, heç bir vasitə çirkin sayılmır. Halbuki, ordumuz müqəddəs yerimiz olmalıdır.

Çox təəssüflər olsun ki, mühacirətdə yaşayan keçmiş müdafiə nazirinin müavini İsa Sadıqov iqtidara qarşı apardığı təbliğatda ordu mövzusunu daim istismar edir. Bu yolda hərb tariximizi və cari döyüş vəziyətini təsvir və qiymətləndirmələrində kobud, qərəzli təhriflərə yol verir”.

Nazim Bayram “İsa Sadıqovun müsahibəsinə iqtidarın “İrəvanda çay içən” ştat ekspertləri cavab verməli idi” deyə vurğulayıb:

“İsa Sadıqovun  Qarabağ müharibəsi zamanı xidmət etdiyim hərbi hissəyə aid  iftiralarla dolu bu müsahibəsinə, təəssüf ki, cavab verən tapılmayıb.

2016-cı ilin aprelində ordu bölmələrimizə döyüş əmrində hara göstərilibsə, həmin mövqelər ilk hücumdaca tutulub. Bölmələrimiz mövqelərindən bir addım geri çəkilməyiblər. Onlara “geri” əmri verilməyib. Bunun əksi ağ yalandır. Düşmən cəbhəsində dərinə sızmış və orada ermənilərin ehtiyat qüvvələrinin gələn yollarını kəsmiş xüsusi təyinatlılarımızın döyüş vəzifəsini yerinə yetirəndən sonra həmin pusqu mövqelərindən çəkilməsi plana uyğun olmuşdu. Bu hərbi praktikada qəbul olunmuş taktiki fənddir. Düşmən arxasına keçən qruplar orada daim qalmır, işlərini görəndən sonra zonanı tərk edirlər.

İsa Sadıqovun düşmən müdafiəsinin yarıldığı istiqamətlərdə hücumun dayandırılmamasını tələb etməyi danışdığı coğrafiyadan tamamilə xəbərsiz olduğunu sübut edir. Çünki bölmələrimiz Talış istiqamətində daha da irəliləsəydilər, müdafiə üçün əlverişsiz mövqelərə çıxacaqdılar. İsa Sadıqovdan fərqli, o yerlərdə döyüşmüş və yeri tanıyan hərbçi kimi əminliklə deyə bilərəm ki, əməliyatın məhdudmiqyaslı olmasını nəzərə alaraq, bölmələrimiz əmrdə göstərilən mövqelərin hamısını tutulub. Buna görə də hücumun dayanması doğru və məqsədəuyğun olmuşdu.

Düşmən mövqeləri hərbi normativlərə görə qısa zamanda və az itki ilə tutulub. Əsas itkilərimiz sonrakı günlər düşmən əks-hücumlarını dəf edərkən verilib. Cəmi 93 şəhidimiz. İsa Sadıqov anti-iqtidar təbliğatını gücləndirmək məqsədilə itki sayımızla qeyri-peşəkarlara hesablanmış spekulyasiyalar edir. Bunun üçün o, «безвозвратные потери»(bərpaolunmayan itkilər) terminindən istifadə etməklə, əlil olmuş hərbçilərimizi də saya qataraq, itkilərimizi 200 nəfər göstərir. Əlil olmuşlar döyüşə qayıda bilmirlər, lakin onlar sağdılar, yaşayırlar.

Dünyanın qabaqcıl ordularından biri olan İsrail qoşunlarında da zabit-komandir heyyətinin itkiləri döyüşlərdə həmişə yüksək faiz təşkil edir. Çünki onlarda birqadanı və bölmələri döyüşə böyük komandirlər, hətta generallar aparır. Lakin heç kəsin ağlına gəlməz buna görə İsrail ordusunu zəif hesab etsin.

Bununla yanaşı müsahibədə səsləndirildiyi kimi, Azərbaycan ordusunda 200 deyil, 25-27 general var”.

Nazim Bayram “İsa Sadıqov Kəlbəcərin işğalını S.Hüseynova bağlamaq üçün növbəti dəfə sərsəm versiyalar səsləndirir “deyə qeyd edib:

“Özünün “haqlı” olduğunu sübut etmək üçün İsa Sadıqov Fərəc Quliyevin 93-cü ilin fevralın 9-u verdiyi bəyanatı əsasında iftiranı yenidən təkrar edir. Elə o zaman (bir həftə sonra) AXC iqtidarının dövlət katibi Arif Hacıyev bun bəyanatı  AzTV vasitəsilə təkzib etmişdi. İsa Sadıqovun və Fərəc Quliyevin aldatdığı adamlara bir daha izah edirəm. 93-cü ilin yanvarında Surət Hüseynov Ağdərədən “qoşunları çəkməyib”. Hücum əməliyatı məqsədilə 123-cü alay Ağdərəyə göndərildi, hücum bitəndən sonra döyüş zonasından çıxarılıb. 123-cü alay rəsmən Baş Qərargahın ehtiyat qüvvəsi – dağ-atıcı həmlə-zərbə alayı olub. Onun döyüş zonasında daimi müdafiə mövqeləri olmayıb. Alay ləğv olunana kimi  azı 15-16 dəfə Qarabağ cəbhəsinin müxtəlif yerlərində hücum əməliyatlarına gətirilib. Döyüş vəzifəsini yerinə yetirdikdən sonra mövqelərində yerli briqada ilə əvəz olunub və geri çıxardılıb. Sözügedən döyüşlərdə də, 123-cü alay yanvarın 14-dən yanvarın 28-ə qədər hücumda olub. Yanvarın 29-da da yerli briqada ilə əvəzlənib və 30-u döyüş bölgəsindən çıxarılıb. Bir həftə sonra, fevralın 5-i düşmən hücuma keçib, 3 kəndi alıb. S.Hüseynov yenidən 123-cü alayın yanvar hücumunda nisbətən az itki vermiş iki batalyonunu Ağdərəyə göndərib. Bu batalyonlar digər qüvvələrlə birlikdə həmin 3 kəndi fevralın 8-ə qədər yenidən bizim nəzarətə qaytarılıb.  25 ildir ki, məlum çirkin siyasi təbliğat, Surət Hüseynovu “Ağdərən qoşunları çıxardıb” ittihamını əlində bayraq edib. Halbuki, elə AXC iqtidarı zamanı keçirilmiş hərbi ekspertiza və S.Hüseynovun məhkəmə prosesində onun bu məsələdə təqsirsizliyi tam sübuta yetirilib”.

Hərbi icmalçı bildirir ki, İsa Sadıqov həmin dövrdə tamam başqa birləşmənin komandiri idi:

“709-cu briqada isə İkinci Ordu Korpusunun tərkibində idi.  Birinci Ordu Korpusuna nə tabe idi, nə aidiyatı vardı. Bu briqadanın buraxılması haqqında əmri yalnız müdafiə naziri, onun müavinlərindən biri, yaxud İkinci Ordu Korpusun komandiri gətirə və bu əmrin icrasını tələb edə bilərdi. Bunu istənilən hərbçidən maraqlana bilərsiniz. Sizə deyəcəklər ki, 709-cu briqadanın komandirinin Birinci Korpusun zabitinin əmrini yerinə yetirməsinə ixtiyarı yox idi.  Həmin səhər-iyunun 4-ü məsələsi buradan “əyilmişdi”. Bunun başqa incəlikləri də var. 93-ün fevralında 123-cü alay-onda qərargah rəisi idim-ləğv olundu. Müdafiə nazirliyindən vəzifəli şəxslər gəldi, 6 nəfərlik təhfil-təslim komisiyası təyin olunmuşdu. Nazirlik tərəfindən, əmrdə bir ay vaxt verildi, həmin vaxt ərzində 2200 nəfərlik alayı bank hesablarımıza və sonuncu gün alayın Döyüş Bayrağına kimi komissiyaya təhvil verdim.Bu zaman cəbhədə döyüş mövqelərində olan bölmələrimiz var idi, onları da mövqelərindən çıxartmamaq şərtilə, tabeçilikləri dəyişdirildi. Yəni mən həm nəzəri, həm praktiki bilirəm ki, hərbi hissə necə ləğv olunur. İyunun 4-ü bunların heç biri olunmamışdı. Hər şey Bütün qanunlar və prosedurlar pozulmuş şəkildə baş verdi. Tabe olmadığımız bir nəfər gəlib bizə ultimatum şəklində- “silahlarınızı təhvil verib,çıxın!” deyə bildirdi. Sanki bizi əsir götürürlər. Bununla yanaşı axşamdan hərbi hissəni mühasirəyə aldıdlar. Səhər saat 6-da tank göndərdilər. O da öz növbəsində əsgər yataqxanasına sürüb, dağıtdı. Dağıntılar altında qalanlarımız oldu. Bəs o, azərbaycanlı əsgər deyildi? Bizi aşkar təxribata çəkirdilər. Əvvəl tankla, sonra bu əmrlə. İsa Sadıqova demişdilər, Surət Hüseynovu bitir, səni müdafiə naziri qoyacağıq. Buna görə də zabit etikasına və qanunlara zidd olaraq özünü oyuna saldı. Bilə-bilə ki, bu, təxribatdı, 709-u gülləbaran etmək üçün bəhanədi birbaşa ora gəldi. Sonluğu da məlumdur… İsa Sadıqov Gəncədən birinci qaçıb. Əslində iqtidar AXC-nin devrilməsinə görə İ.Sadıqova “minnətdar” olmalıdı.

Süleyman Dəmirəlin Heydər Əliyevə “çevriliş üçün 100 milyon dollar verməsi” məsələsinə gəldikdə isə, hərbi icmalçı qeyd edib ki, bu olduqca gülünc və axmaqlar üçün uydurulmuş versiyadır:

“Çünki AXC 11 ayda özünü xalqın gözündən o qədər salmışdı ki, onun devrilməsinə maliyəyə, özü də bu qədər iri məbləğə, ehtiyac yox idi. Bir il əvvəl Ayaz Mütəllibovu haydı-huyduyla hakimiyyətdən devirmiş AXC, iyun günlərində Prezident Aparatı qarşısında 5 minlik özünə dəstək mitinqi toplaya bilmədi.

Sonda sözüm odur ki, ordudan çirkin əllərinizi çəkin, təbliğatınızda ordu və döyüşlər mövzusunu istismar etməyin”.

Səxavət Məmməd

www.yenicag.az

4821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv