İşdən çıxarılan kişi cinayət törətdi – FOTO

Sabunçu rayonunda yerləşən geyim əşyalarının satıldığı mağazalardan birindən içərisində 45116 manat olan seyf naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu barədə obyekt sahibi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verib.

Məlumat daxil olan kimi əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Neftçala rayon sakini Seymur Piriyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən obyektdə mühafizəçi işləyib və təxminən iki ay əvvəl işdən çıxarılıb. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində pul olması barədə məlumatlı olub. S.Piriyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Oğurluq hadisəsi barədə 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.