“İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır” – İlham Əliyev

“Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılmışdır. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq”.

Yenicag.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

“Bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq.

Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər.

Biz bu gün, eyni zamanda, digər sahələrdəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik.

Cənab Prezidentlə təkbətək görüşümdə mən, eyni zamanda, regional vəziyyətlə bağlı öz fikrimi bildirdim. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir.

Bir sözlə, səfərin uğurlu keçməsi artıq reallıqdır. Əminəm ki, səfərin ikinci hissəsində də əldə ediləcək razılaşmalar bizim ümumi ikitərəfli əməkdaşlığımıza çox böyük təkan verəcək, bu əməkdaşlıq inkişaf edəcək və biz bunu istəyirik. Səfərin uğurlu keçməsi artıq onu göstərir ki, hər iki tərəfdən çox güclü siyasi iradə var”, – deyə, dövlət başçısı əlavə edib.

COP29