İşğalda qalan digər 4 kənd nə vaxt qaytarılacaq? – “Azərbaycan güzəştə gedə bilməz”

“Qaytarılan kəndlər Azərbaycanın Ermənistana sülhə məcburetmə siyasəti nəticəsində baş verdi”.

Bu fikri Yenicag.az-a açıqlamasında 4 kəndlə bağlı məsələ yekunlaşdıqdan sonra atılacaq addımları dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, Ermənistan sülh müqaviləsi imzalamasa da olar, əsas torpaqların qaytarılmasıdır.

“Dörd kəndlə bağlı Ermənistanda etiraz aksiyaları keçirdilər. Bu həm də Azərbaycana mesajdır ki, Ermənistanda kifayət qədər etirazçı var. Onların keçmiş dövlət xadimləri, kilsə, diaspor nümayəndələri, deputatlar, tələblər Azərbaycana məxsus torpaqların qaytarılmasına etiraz edirlər. Yəni Ermənistan cəmiyyətində hələ də, Azərbaycana qarşı olan çoxlu sayda qüvvələr var. Faktiki olaraq bunun nümayişi keçirirlir”, – deyə o əlavə edib.

Partiya sədrinin sözlərinə görə, qaytarılan kəndlər Azərbaycanın Ermənistana sülhə məcburetmə siyasəti nəticəsində baş verdi:

“Paşinyan nə qədər bacardı, mübarizə apardı. Ancaq alınmadı. Bundan sonrakı mərhələdə Azərbaycan güzəştə gedə bilməz. Proseslər davam etməlidir, digər 4 kənd də qaytarılmalıdır. Ermənistan sülh müqaviləsi bağlamasa da olar. Əsas odur ki, Azərbaycana məxsus olanları geri qaytarsınlar”.

Səxavət Məmməd