İşğaldan azad olunan bölgələr üçün TƏKLİF: “Kiçik kəndlər birləşdirilsin və ya…” – Ekspert / VİDEO

11:20

“Əgər bu addım reallaşarsa, həmin ərazilərin bərpası üçün nəzərdə tutulan xərclərə 30 faizə qədər qənaət ediləcək”.

Bu fikirləri işğaldan azad olunmuş ərazilərimizdə səmərəliliyi artırmaq üçün atıla biləcək optimal addımları dəyərləndirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elnur Fərzəliyevin sözlərinə görə, hər 5-6 kiçik kəndi birləşdirərək qəsəbələr, yaxud da böyük kəndlər salmaqla, büdcədən ayrılacaq vəsaitlərə xeyli qənaət etmək olar:

“İşğaldan azad olunmuş rayonlarımızdakı kəndlərə nəzər salsaq, işğaldan əvvəl əksər kəndlərdə əhali və ev sayı minimal idi. Bəzi kəndlər hətta 30-40 fərdi həyət evlərindən ibarət olub.

Həmin kəndlərin hər birini yenidən qurmaq, orada yeni orta məktəb, uşaq bağçası, tibb məntəqəsi tikmək, yeni yolların çəkilməsi, qaz, su, işıq və digər kommunikasiyaların qoşulması büdcədən külli miqdarda pulların ayrılması deməkdir.

Bu baxımdan, hər 5-6 kiçik kəndi birləşdirərək, qəsəbələr yaxud böyük kəndlər salmaqla, həmin xərcləri minimuma endirmək olar. Böyük qəsəbələr insan sıxlığı deməkdir. Bu isə həmin ərazilərdə ticarət sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına zəmin yaradır. Əgər bu addım reallaşarsa, həmin ərazilərin bərpası üçün nəzərdə tutulan xərclərə 30 faizə qədər qənaət ediləcək”.

Ekspert hesab edir ki, qeyd olunan ərazilərdəki torpaq sahələrinin bölünməsi zamanı müəyyən problemlərlə üzləşməmək üçün sözügedən bölgələrdəki torpaq sahələrinə mülkiyyət hüquqları verilməməlidir:

“Biz zamanla şahidi olduq ki, vətəndaşlara verilmiş torpaq sahələri (əkin və digər kənd təsərrüfatı təyinatlı) digər vətəndaşlara satılaraq, fərqli təyinatlar üzrə istifadə olunur.

Bu səbəbdən də həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əraziləri kiçilməyə başladı, həm də həmin təyinatlı torpaqları alıb digər məqsədlər üçün istifadə edən vətəndaşlar sənədləşmə proseslərində ciddi problemlərlə üzləşdilər.

Artıq uzun illərdir ki, bu sahədəki boşluqlardan dolayı yaranan problemlər öz həllini tapmır. Gələcəkdə həmin ərazilərdə analoji problemlərin yaşanmaması üçün işğaldan azad olunan ərazilərdə heç bir halda torpaq sahələrinin satılmasına yol verilməməlidir.

Vətəndaşların mənzillərinə mülkiyyət hüququ verilərək çıxarışla təmin olunmalıdırlar. Lakin heç bir halda torpaq sahələrinə mülkiyyət hüquqları verilməməlidir. Bütün torpaqlar dövlətin ehtiyat fonduna keçirilərək, vətəndaşlara müvəqqəti istifadə hüququ ilə verilə bilər.

Bu qanun halına salınarsa, təkcə yenidən inşa olunacaq ərazilər üçün deyil, həmçinin Xankəndi və ermənilərin yaşaya biləcəkləri digər əraziləri də özündə birləşdirməlidir. O torpaqların dövlət balansına daxil edilməsi gələcəkdə kimlərəsə satılmayacağının təminatı olacaq”.

Gülşən Şərif