!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğaldan azad olunmuş ərazilərdə YENİ HƏYAT: Vətəndaşlar həmin günü inamla gözləyirlər - TƏHLİL

!Reklam – Yazi

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər uzun müddət erməni işğalında qalan ərazilərimizin azad olunmasını və regionda yeni reallığın yaranmasını şərtləndirməklə yanaşı, həm də yeni zərurətlər doğurub.

Əlbəttə, təqribən 27 il davam etmiş erməni işğalı dönəmində həmin bölgələrimiz gerçək vəhşət və vandalizmə məruz qalıb. Bu illər ərzində ermənilər işğal etdikləri ərazilərimizdə ağlasığmaz vəhşiliklər törədərək, yaşayış məntəqələrimizi yer üzündən silmək, mədəni-dini və tarixi abidələrimizi dağıtmaq, evlərin materiallarını söküb daşımaq və başqa səpkili talançılıqla kifayətlənməyib eyni zamanda, ekologiyaya da böyük zərbə vurublar. Bunun nəticəsində meşə zolaqları məhv edilib, nadir və qiymətli ağaclar qırılaraq əvəzsiz tikinti materialı kimi satış məqsədilə xaricə çıxarılıb. O cümlədən, müxtəlif su hövzələri və işğaldan əvvəl yüksək məhsuldarlığı ilə seçilən münbit torpaq sahələri yararsız hala salınıb, ətraf mühitin təbii düzəni məqsədli şəkildə pozulub. Bütün bu vəhşilik erməni xislətinə xas olsa da, onların zəbt etdikləri bölgələrimizdə mümkün olan hər şeyi amansızlıqla talamalarının əsas bir səbəbi var: ermənilər bu əraziləri əllərində saxlaya bilməyəcəklərini, Azərbaycanın bu işğala gec-tez son qoyacağını anlayaraq, o naqis əməlləri törədiblər.

Bəli, yuxarıda qeyd olunduğu kimi, ərazilərimizin işğaldan azad edilməsindən sonra qarşıya qoyulan ən ümdə vəzifə həmin bölgələrin bərpası, infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin əhalinin məskunlaşmasına hazır vəziyyətə gətirilməsidir. Çox əlamətdar haldır ki, Azərbaycan dövləti bu məsələni özünün əsas prioritetlərindən birinə çevirib və nəzərdə tutulan işlər planlı surətdə həyata keçirilməkdədir. O baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə 44 günlük müharibəni yekunlaşdıran 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından demək olar, həmən sonra başlanılması Azərbaycanda bu fəaliyyətə necə böyük əhəmiyyət verilməsinin bariz göstəricisidir. Prezident 2020-ci ilin yekunlarına həsr edilən müşavirədə Qarabağda başlanan və vüsət alan quruculuq işlərinin önəmini çox aydın şəkildə diqqətə çatdırıb:

“Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

Bu işin əhəmiyyəti həm də bütün dövlət qurumlarının vurğulanan çərçivədə koordinasiyalı fəaliyyət göstərməsi, ölkənin malik olduğu resursların həmin istiqamətdə səfərbər edilməsi, hazırlanan nəhəng layihələrin vaxtında və keyfiyyətlə icra edilməsi üçün zəruri maliyyənin ləngimədən ayrılmasından açıq görünür. Xatırlatmaq yerinə düşər ki, Qarabağda tikinti-quruculuq işlərinin aparılmasına 2021-ci ildə 2,2 milyard manat vəsait xərclənib. 2022-ci ilin dövlət büdcəsində həmin təyinat üzrə yenə də 2,2 milyard manat vəsait ayrılıb.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin miqyası həqiqətən də, böyükdür. Bu sırada indiki mərhələdə sözügedən bölgələrdə nəqliyyat-logistika layihələrinin reallaşdırılması xüsusi yer tutur. İnfrastrukturun yenidən qurulması çərçivəsində regionda bir neçə hava limanının inşasına yönəlik layihələrin sürətli icrası həqiqətən də, müsbət mənada təəccüb doğuran və qürurverici fəaliyyətdir. 444 günlük müharibənin başa çatmasının heç bir ili tamam olmadan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi aparılan işlərin sürəti barəsində dolğun təsəvvürün yaranması üçün yetərlidir. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan açılış mərasimi Azərbaycan dövləti ilə xalqının qurucu mahiyyətinin dünyaya özünəməxsus nümayişi kimi qiymətləndirilə bilər. Eyni zamanda, 2021-ci il noyabrın 7-də açılan, Zəfər Yolu adlandırılan Füzuli-Şuşa avtomobil yolunun istifadəyə verilməsi də nəqliyyat infrastrukturunda yeni mərhələnin başlanğıcı olaraq dəyərləndirilir.

Sözsüz ki, sürətlə və yüksək keyfiyyətlə həyata keçirilən bu işlərin əsas məqsədi vaxtilə öz yurdlarından didərgin düşən məcburi köçkünlərin geri döndüklərində yüksək standartlara cavab verən həyat şərtləri ilə təmin olunmalarıdır. Bu, Azərbaycan dövlətinin prioriteti, öz vətəndaşlarına verdiyi böyük dəyərdir. Bəhs olunan işləri dövlət qayğısının nümunəsi kimi görən vətəndaşlarımız azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın, doğma yurdlarında yeni həyata başlayacaqları günü inam və səbirsizliklə gözləyirlər. Onlar həmin günün tezliklə gələcəyinə əmindirlər.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv