İşğalın görünməyən tərəfləri – Anar Əsədli yazır

Azərbaycan torpaqlarının 90-cı illərin əvvəllərində başlayan işğalı 1993-cü ilin 30 oktyabrında Zəngilanın işğalı ilə yekunlaşdı. Yəni 27 il əvvəl.

Bu 27 ildə böyük bir nəsil yetişdi və böyüdü.

İşğalın psixologiyaya təsiri yalnız torpağını itirmiş insanların vətən həsrəti ilə bitmir. Müharibədən zərər çəkən insanlar məğlubluq kompleksi içində yaşamağa başlayırlar. Bəlkə də möhkəm psixologiyaya sahib bir nəsil üçün bu, o qədər də qorxulu deyil, öhdəsindən gələ bilir, amma gənc nəsil üçün həmin kompleks travmaya çevrilir.

İşğal, doğurduğu 27 ilin gənc nəslində vətən həsrəti deyil, tam əks hisslərin oyanmasına səbəb oldu. Daima “gəlmə” psixologiyası ilə böyüyən gənclikdə yerli əhaliyə qarşı qıcıq, qaçqın düşdüyü, əsarət altında qalan doğma yurduna qarşı isə kin yarandı. Sözsüz ki, bu, bütün gəncliyə aid deyil,onların arasında vətənpərvər ruhda yetişən kifayət qədər gənc var, amma ümumi mənzərəni təhlil etdikdə gəlinən nəticə təəssüfləndirir.

Bu uşaqların beynində yaratdığı travmalarla işğal işğalçıdan daha çox günahkardı.
Bu gənclik üçün qəsbkar erməni obrazı yoxdur. Əksinə, düşmən obrazının (erməni qəsbkarı) şüurlarda yaşamasını təmin edən vətənpərvərlik duyğusu onun üçün qəbuledilməzdir. Çünki düşmən erməni obrazı daima onları travmalı yerlərindən vurur, işğalı xatırladır. Xatırladır ki, onlar qaçqındırlar, gəlmədirlər. Demək ki, bir növ daha aşağıdırlar.

Bu gənclik öz yurduna qayıtmağa da meylli deyil. O yurdu görməyib, qoxulamayıb, orda yaşamayıb. Erməni ilə barışmaq və “erməni” sözünün qarşısından “düşmən” təyinini götürmək, onların fikrincə, cəmiyyətə işğalı unutdura bilər.

Belə ağrılı travma ilə böyüyən gəncliyin sosial şəbəkələrdə yazdığı statusları görərkən acı bir həqiqətin şahidi oluruq: işğalın görünməyən tərəfləri görünən tərəflərindən daha dəhşətlidir. Əgər görünənlər sadəcə torpaqların işğalı və yurdundan didərgin düşmüş insanlara dəyən maddi zərərdirsə, görünməyənlər psixoloji- mənəvi zərərlərdir. Əgər birinciləri səylə və dövlət olaraq aradan götürmək gücündəyiksə (torpaqların azadlığı və insanların yurdlarına qayıtmasını təmin etmək), ikincini aradan qaldırmaq çox-çox çətindir. Hətta bəzən sosial şəbəkələrdə yazılanları oxuyanda bu iş mümkünsüz də görünür.

Psixoloqlar da sübut edir ki, insanın şəxsiyyət kimi formalaşmasında uşaqlıqda aldığı psixoloji travmalar aparıcı rol oynayır. Təəssüf ki, hazırda yaranmış mənzərəni təkcə biz görmürük və təkcə biz qiymətləndirmirik. Ancaq əhalisi cüzi maaşla yaşayan Azərbaycana böyük qrantlarla gələn başqa dövlətlərin qeyri-hökumət təşkilatları bunu yaxşı bilirdi və dəyərləndirdi.

Müharibələr müxtəlif olsa da, onların acı nəticələri, vurduğu travmalar eynidir. Əcnəbi qeyri-hökumət təşkilatlarının öz istədikləri ideologiyanı yaxşı pulla yaymaları üçün müharibədən sonrakı Azərbaycan münbit idi. Ən çox dayanacaqları və istinad edəcəkləri avanqard qüvvə isə məhz, işğal bölgəsindən çıxan travmalı gənclik oldu.

Biz bunun altından necə qalxacağıq? Məncə, ən doğru yol dövlətin öz vətəndaşına sahib çıxmasıdır. Əgər bu 27 ildə Azərbaycan dövləti hələ formalaşırdısa (nəzərə alsaq ki, Azərbaycan özü də gənc respublikadır və eyni travma ilə böyüyürdü), bu gün artıq ayaqları üstündə dura biləcək gənc dövlətdir. Bütün səhvləri nəzərə almaqla, boşluqları doldurmaqla bir dövlət istənilən problemin öhdəsindən gələ bilər. Yetər ki, istəyək. Yetər ki, hamımız istəyək!
Və bir də biz xalq olaraq savaş istəyirikmi? Fikrimcə, bu suala son Aprel döyüşlərində xalq cavabını verdi:
Bəli, biz savaş istəyirik. Savaşı bitirmək üçün, barışa qovuşmaq üçün savaş istəyirik. Bizi barışa aparmaq üçün savaşan əsgərlərimizə də “Var olun!” deyirik.