İşi xidmət etmək olan restoranlarda tutulan “HAQQ”: “Menyuda digər ödənişlərlə bağlı məlumatlar yoxdursa…” – Hüquqşünas RƏYİ
“Əgər istehlakçıdan menyuda göstəriləndən artıq vəsait tələb edilərsə, bu halda istehlakçı həmin vəsaiti ödəməyə bilər”.
Bu fikirləri restoran və iaşə obyektlərində əlavə xidmət haqqı faizinin tələb olunmasını hüquqi cəhətdən şərh edən Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, iaşə xidmətlərinin göstərilməsi zamanı xidmət haqqının tutulması məsələsi qanunvericiliklə detallı şəkildə tənzimlənmir:
“Lakin restoranlarda təqdim olunan menyuda orada hazırlanan yeməklər haqqında məlumat qeyd edilməklə yanaşı, digər ödənişlərlə bağlı məlumatlar da öz əksini tapmalıdır. Əgər menyuda, ümumiyyətlə, xidmət haqqı barəsində heç bir məlumat yoxdursa, bu zaman xidmətdən faydalanan istehlakçıdan vəsait tələb edilməsi hesabda aldadılması deməkdir.
Belə olan halda, həmin restoranın rəhbərliyi inzibati məsuliyyətə cəlb olunur. Menyuların düzgün tərtib edilməməsinə görə hüquqi şəxslər 800 manatdan 1000 manatadək, hesabda aldadılmaya görə isə 4 min manatdan 6 min manatadək cərimə oluna bilərlər.
Belə halların baş verməsi qanunvericiliklə birmənalı olaraq qadağandır. Xidmət haqqının heç bir yerdə nəzərdə tutulmadan son hesablaşmada tələb edilməsi qanunsuz əməldir. Kafe və restoran sahibləri bu əməllərdən çəkinməlidir. Əgər istehlakçıdan menyuda göstəriləndən artıq vəsait tələb edilərsə, bu halda istehlakçı həmin vəsaiti ödəməyə bilər. Xidmət haqqı menyuda göstərilərsə, tutula bilər, yaxşı olar ki, xidmətin nədən ibarət olması sadalansın və menyuya daxil edilsin”.
İsmayıl Bakuvi