İŞİD Dünya çempionatını təhdid edir – Stadionlar partladılacaq

İŞİD terror təşkilatının tərəfdarları 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatı zamanı stadionları havaya uçurdacaqlarına dair təhdidlərə başlayıb.

Son dövrlərdə sosial şəbəkədə İŞİD tərəfdarlarına aid hesablarda Dünya Kubokuna yönələn təhdid dolu plakatlar yayılmağa başlayıb.

Həmin plakatlardan birində Lionel Messinin qan ağladığı əks olunur. Argentinalı ulduzun dəmir barmaqlıqlar əhatəsində təsvir edildiyi plakatın arxasında bu sözlər yazılıb: “Lüğətində uğursuzluq olmayan bir dövlətlə mübarizə aparırsınız”.

Başqa bir plakatda isə Rusiyadakı futbol stadionunun qarşısında dayanmış İŞİD terrorçusu, onun yanında isə partlayıcılar təsvir olunub. Plakatda “Mücahidin atəşi sizi yandıracaq… Gözləyin” yazılıb.

2018-ci ilin iyun-iyul aylarında Rusiyanın 11 şəhərində keçiriləcək Dünya çempionatına yönəldilmiş təhdidlər bunlarla da bitmir. Belə ki, digər bir plakatda “Rusiyaya gəlirik” yazısı əks olunub.

İŞİD-in Rusiyanı hədəfə almasının əsas səbəbi kimi Rusiyanın Əsəd rejiminə dəstək verməsi və İŞİD-çilərə qarşı təşkil etdiyi hava hücumları göstərilir.

Təhdidlər sadəcə, Rusiyaya qarşı yönəldilməyib. ABŞ-a qarşı hazırlanmış təşviş dolu plakatlar da sosial şəbəkədə sürətlə yayılır.