Natiq Miri: “Türkiyə NATO-dan çıxarılsa, bu qurumun bütövlüyü məsələsində boşluq yaranacaq və hazırda həmin boşluğu dolduracaq alternativlər də yoxdur”
Cari ilin avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü gözlənilir. Hansı ki, bu görüş Türkiyə sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulmasından sonra gərginləşən münasibnətlərdən sonra ilk belə görüşdür. Bu fonda belə fikirlər səslənir ki, Ankara-Moskva arasında münasibətlər sürətlə yüksələcək. Eyni zamanda, bəzi analitiklər belə fikir səsləndirməyə başlayıblar ki, Rusiya-Türkiyə yaxınlaşması hətta iki dövlət arasında böyük müttəfiqlik müqaviləsinin imzalanmasına gətirə, Türkiyə ABŞ-dan uzaqlaşa və hətta NATO-nu parçalaya bilər.
Görəsən, bu fikirlər nə dərəcədə real ola bilər? Ümumiyyətlə, səslənən bu fikrin real olması mümkündürmü?
Yenicag.az-a açıqlama verən politoloq Natiq Miri düşünür ki, Ərdoğanla Putinin görüşündə İŞİD-ə qarşı mübarizədə birgə anlaşma əldə oluna bilər: “Əslində Türkiyə ilə ABŞ arasında olan münasibətlərdə əsas məsələ Vaşinqtonun Güləni ekstradisiya edib-etməməsindən asılı olacaq. İndi Türkiyədə istintaq gedir və onun nəticəsində hərbi çevrilişin arxasında birbaşa ABŞ xüsusi xidmət orqanlarının dayandığı məlum olsa, artıq sözün əsl mənasında iki ölkə arasındakı münasibətlərə ciddi soyuqluq gətirəcək. Bu da Rusiyanın işinə yarıyacaq bir durumdur. Ayrıca onu da nəzərə almaq lazımdır ki, Rusiya təkcə bu məsələlərlə kifayətlənmir. Çünki Moskva Ankara anlaşması üçün həm də Suriya probleminin həllində anlaşmanın olması lazımdır. Doğrudur burada da ortaq maraqlara rast gəlmək olar. Türkiyə sərhədləri yaxınlığında yeni bir kürd muxtariyyətinin yaranması əleyhinədir. Ancaq buna baxmayaraq PKK-nın Suriya uzantısı olan PYD terrorçularına ABŞ dövlət səviyyəsində ciddi dəstək verməkdədir. Rusiya və Türkiyə isə Suriyanın bütövlüyü siyasətinin tərəfdarı kimi çıxış edirlər. Bu Ankara ilə Moskvanın ortaq baxışlarıdır ki, bu yöndə də müəyyən anlaşmaların ola bilməsi istisna deyil. Ayrıca İŞİD-ə qarşı mübarizədə də Rusiya Türkiyə anlaşmasının ola bilməsi mümkündür. Bunlar da Ankara ilə Moskva arasında yaxınlaşmağa rəvac verən amillərdir. Bu fonda düşünürəm ki, Peterburq görüşündə bir çox məsələlərdə uzlaşma nöqtələrinin tapılmasına çalışılacaq. Təbii ki, Dağlıq Qarabağ problemi də bu görüşdə müzakirə obyektinə çevriləcək. Amma ilk növbədə Rusiya Türkiyə münasibətlərinin yaxınlaşması mümkün olmalıdır. Moskva Ankara görüşündə təbii ki, Türkiyə NATO münasibətləri məsələsi də ciddi müzakirə obyekti olacaq. Fikir vermisinizsə, Suriya prosesindən üzü bəri NATO bir çox məsələdə Türkiyəni Rusiya ilə üz-üzə qoydu.
İkincisi, Türkiyədə hərbi çevrilişə cəhd məsələsində ABŞ və NATO üzrə digər müttəfiqlər də Ankaranı meydanda tək qoydular. Bütün bunlar isə Türkiyəni NATO-dan uzaqlaşdırıcı və küsdürücü məqamlardır. Türkiyənin bu gün yürütdüyü siyasətlə ABŞ, Avropa Birliyi və NATO razı deyil. Hətta Türkiyəni gələcəkdə NATO-dan uzaqlaşdırmaqla bağlı ABŞ-ın konkret açıqlaması da var. Bunu da gözardı etmək olmaz. Düzdür, düşünmürəm ki, Rusiya ilə danışıqlar mərhələsində Türkiyə NATO məsələsində birmənalı seçim etsin. Çünki, NATO ilə bütün körpüləri yandırmaq o qədər də asan məsələ deyil”.
Politoloq bu qənaətdədir ki, Ankaranın NATO-dan çıxarılması mümkün deyil. Çünki bu halda qurum daxilində ciddi bir boşluq yaranacaq: “O mənada ki, bu gün NATO Türkiyəyə lazım olmaqdan daha çox, Türkiyə NATO-ya daha çox lazımdır. Axı Türkiyə NATO-nun cənub sərhədlərində bir növ bufer zonası, təhlükəsizlik xəttidir.
Ona görə də gələcəkdə Türkiyə NATO-dan çıxarılarsa, bu qurumun bütövlüyü nöqteyi-nəzərdən böyük boşluq yaradacaq və hazırda həmin boşluğu dolduracaq alternativlər də yoxdur. Bu səbəbdən ABŞ-ın boğazdan yuxarı verdiyi bəyanatlar hələlik ciddi surətdə qəbul olunası deyil. Ancaq hər bir halda Türkiyənin də özünə hörmət olunması üçün bəzi iddiaları vardır, onun da Ankara ilə NATO arasında ciddi müzakirəyə səbəb olacağını düşünürəm. Yalnız bu məsələlərdən sonra Türkiyə gələcəkdə NATO ilə bağlı məsələdə artıq geostrateji qərarını verəcək”.
ELÇİN