İŞİD yaraqlısı olan 3 azərbaycanlı saxlanıldı

Türkiyənin 29 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 763 nəfər saxlanılıb.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, fevralın 5-də keçirilən əməliyyatlar zamanı terror təşkilatına aid xeyli sayda sənəd, rəqəmsal materiallar, iki tapança, dörd avtomat silah, 372 patron götürülüb.

Türkiyə Baş Polis İdarəsinin əməliyyatlarla bağlı yaydığı məlumatda İŞİD-in növbəti terror aktları hazırlığında olduğu, yeni üzvlərin cəlb edilməsi ilə bağlı təbliğat və təşviqat işlərini gücləndirdiyi, xüsusilə Türkiyəni öz hücumlarının əsas hədəfi olaraq müəyyənləşdirdiyi bildirilib.

Məlumatda, həmçinin İŞİD-ə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.

Antiterror əməliyyatı nəticəsində Bursa əyalətində də terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən çoxlu adam saxlanılıb.

“Anadolu” agentliyinin məlumatına görə, onların sayı 105 nəfərdir.

Məlumata əsasən, onların 59-u xarici ölkə vətəndaşıdır. Belə ki, saxlanılan şəxslərin 51-i Suriya, 1-i Rusiya, 4-ü Türkmənistan, 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan 46-sı isə Türkiyə vətəndaşıdır.