Meksika yazıçısı Karlos Fuentes müsahibələrinin birində deyib ki, illər ötdükcə, keçmiş bu günə çevrilir, yazıçının bir zaman yaşadığı, amma sonradan itib-batdığı (unutduğu) qənaətində olan düşüncələri əsərlərində gözləmədiyi halda işinə yarayır, qəfildən yazıya çevrilir…
Sona Vəliyevanın görkəmli ziyalı, mətbuatımızın banisi Həsən bəy Zərdabinin şərəfli ömür yolundan bəhs edən “İşığa gedən yol” romanını oxuyanda Meksika yazıçısının bu fikrini xatırladım və bir daha əmin oldum ki, müəllif bu əsəri yazana qədər xalqımızın ziyalılıq tarixində adı həmişə hörmətlə anılan bir şəxsiyyətin məşəqqətli həyatı barədə uzun illər düşünüb, o dövrün ab-havasını (mədəniyyətini, ədəbiyyatını, ictimai-siyasi vəziyyətini) dərindən öyrənib. Və bütün bunlar Karlos Fuentesin sözləri ilə desək, “qəfildən yazıya çevrilib” və son illərin ən uğurlu bir nəsr əsəri işıq üzü görüb.
Romanda XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlində Azərbaycanın mədəni, ictimai və siyasi həyatında baş verən hadisələr təsvir edilir. O dövrdə Azərbaycançılıq məfkurəsindən yaranan maarifçilik ideyasının mühüm önəm daşıması istedadlı yazıçı qələmi ilə oxucuya səmimiyyətlə çatdırılır. Sənədli-bədii nəsrimizin ən mükəmməl nümunəsi kimi diqqət çəkən bu əsərdən bir epizodu (dialoqu) xatırlatmaqla fikrimi əsaslandırmaq istərdim: “…Abbas ağa:
-Allah ürəyinə görə versin. Amma, bacıoğlu, bir şeyi mənə də izah edin. Bu cəmiyyət (xatırladaq ki, o zaman Həsən bəy Zərdabi Bakı Realnı Gimnaziyasının müəllimi idi. İrəvanı, Naxçıvanı və Azərbaycanın digər yaşayış məntəqələrinin ən işıqlı adamlarını başına toplayıb, necə deyərlər, qarış-qarış gəzib kasıb uşaqlarının oxuması üçün vəsait toplayaraq Xeyriyyə Cəmiyyəti yaratmaq istəyirdi) təkcə şəhərdəkiləri oxudacaq, yoxsa bizim kənd uşaqlarını da, elə deyək, mənim oğlumu da.
Mirzə Kazım (Mirzə Kazım Qazi (1832-1892), Fateh təxəllüslü şair, müəllim) onun fikrini tutdu, dərhal da cavab verdi:
-Ay Abbas ağa, sizin öz imkanınız çatır, uşağınızı oxudasınız. Bu cəmiyyət kasıb uşaqları üçündür.
Həsən bəy Mirzə Kazıma etiraz etdi:
-Yox, Kazım bəy, bu cəmiyyət təkcə kasıb uşaqları üçün deyil, ümumiyyətlə, insanların təhsil alması məqsədi ilə yaradılıb. Biz istəyirik ki, millətimizin bütün uşaqları oxuyub savadlı olsun. Sadəcə kimin öz imkanı var, qoy öz hesabına, kiminki yoxdursa, xeyriyyə cəmiyyətinin vasitəsilə oxusun. Mən bu məmləkəti qapı-qapı gəzib tövsiyə edirəm, uşağınızı mütləq oxudun. İstər kasıb, istərsə də varlı övladı olsun: əgər uşaq ağıllı və zəkalıdırsa, qoy məktəbə getsin, təhsil alsın, elm qazanıb millətə xidmət göstərsin. Hamı oxusa, millət savadlı olar, inkişaf edər. Baxın, ruslar, ermənilər, gürcülər bizdən çox-çox əvvəl xeyriyyə cəmiyyətlərini yaradıblar. Hətta Şamaxıda mənə danışıblar, bir susatan qoca erməni qəpik-qəpik yığdığı vəsaitini erməni uşaqlarının oxumasına, onların yaratdığı xeyriyyə cəmiyyətinə köçürüb…”.
Yaxud, həyat yoldaşı Hənifə xanımla söhbət zamanı Həsən bəy kitab, elm, maarifçilik barədə düşüncələrini bölüşərək deyir ki, “… Babam Qurani-Kərimi gözəl bilən din adamlarının yanında hafizliyini başa vuran adam idi. Babam nəinki kitabları toplamaqdan zövq alırdı, eyni zamanda, bu kitabları oxuyub hikmətini atamla birgə təhlil edərdilər. Ruhumuzun mənəvi saflığını, səmimiyyətdə olduğunu deyərdi. Atamla bu mövzuda söhbətlərində babam elə coşardı ki, mənə elə gəlirdi, babam mələkdir. Heç zaman unutmadığım bir fikri bu gün də mənə çətinliklərdən çıxmaqda güc verir: “Çətinliklər insan üçündür. İmtahandır, siz xeyir əməllər üçün çalışdıqca, dünya malına aludə olmadıqca, Allah-taala xeyirxah əməllərinizi birə min mükafatlandırar…”.
Romandan kifayət qədər belə fərqləndirmələr seçib diqqətə çatdırmaq olar. Çünki Sona Vəliyeva görkəmli ziyalı Həsən bəy Zərdabi haqqında sözügedən romanı qələmə alarkən məhz onun şüurlu həyatının doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması ilə bağlı məqamlarını daha çox qabartmağı qarşıya əsas məqsəd kimi qoyub və buna da uğurla nail olub.
Əsərdə “Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur” deyən böyük maarifçinin inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə yaşaması, hətta onun “Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı…” kimi vəsiyyət etməsi bir-birini izləyən hadisələr fonunda bütöv bir ömür salnaməsini gözlərimiz önündə canlandırır.
“İşığa gedən yol” romanının uğurlu alınmasının əsas səbəblərindən biri Sona Vəliyevanın zamana obyektiv baxışı, böyük maarifçinin sadəlik, comərdlik, dözümlük kimi keyfiyyətlərlə nəzərə çarpan həyatını əhatə edən hadisələrin sistemli bir halda araşdırması, tarixilik prinsipinə mühüm önəm verməsi, Həsən bəyin mürəkkəb və ziddiyyətlərlə dolu bir dönəmdə ömür səhifələrini dövrün nəbzinə uyğun sıralaması, oxucunun dəyərləndirməsinə verməsi ilə bağlıdır. Romanın Dərələyəz-Vedi səfərində Mirzə Kazımın bu yerlərdə həyatın getdikcə ağırlaşması, yaşayışın çətinləşməsi barədə Həsən bəyə dediyi sözlər məhz yazıçının həmin yanaşmaya sadiqliyinin göstəricisidir: “Bizim dərdimiz çox böyükdür, Həsən bəy. Son zamanlar Göyçə, Dərələyəz, Qırxbulaq, Gözəldərə, Vedi və başqa yerlərə ermənilərin gətirilməsi, ən münbit torpaqlarda yerləşdirilməsi bu yerlərin ağasını da, hampasını da, elə rəiyyətini də ciddi narahat edir. Bir çox örüş, otlaqlar ermənilərin istifadəsinə verilib. Öz evimizdə, ocağımızda bu yaramaz haramzadələrlə ehtiyatla davranırıq…”.
Həsən bəy Zərdabi “Əkinçi”ni təkcə kənd və kənd təsərrüfatı məsələlərinin təbliğatı məqsədilə yaratmamışdı. Bu qəzet həm də ona maarifçilik, elm, təhsil və tərəqqinin inkişafı üçün bir tribuna olaraq lazım idi. Elə buna görə də görkəmli ziyalı dini fanatizmə, ətalət və irticaya, geriliyə və avamlığa, cahillik və nadanlığa qarşı mübarizəsini tək pedaqoji-maarifçi və hüquqşünas fəaliyyəti ilə deyil, həm də adıçəkilən nəşr vasitəsilə reallaşdırır, bu zaman rastlaşdığı təqiblərdən, təzyiqlərdən çəkinmir, qorxmur, ziyalılıq missiyasını ləyaqətlə həyata keçirir, bir şəxsiyyət olaraq daim xalqın yanında dayanır, onun xeyrinə-şərinə yarayır. Elə “Əkinçi”nin işıq üzü görəcəyi ərəfədə böyük maarifçinin dediyi sözlər də bu fikrin bariz ifadəsidir: “…Mən ana dilimizdə bir qəzet açmaq istəyirəm. Elə hamının başa düşəcəyi, anlayacağı dildə. Bu, ucqar kənddə yüz yaşında ahıl bir insanın düşüncəsində öz əksini tapa bilən bir qəzet olacaq. Ziraət və kənd təsərrüfatının, digər məişət məsələlərinin inkişafına bu qəzetlə təsir edəcəyik. Amma əsas fikir millətin cəhalət və avamlığına yönəldəcəyim işıqlı fikirlər olacaq. Bu yolda çox çətinliklər var, maddiyat, hürufat, abunə məsələləri, qəzetlərin yayımı, poçt daşıma işləri və s. Bu işdə biz ilk olaraq cıgır açmağa nail olsaq, yolun genişlənib hamarlanma işini bizdən sonra gələnlər edəcək…”.
Romanda Həsən bəyin dilindən verilən bu cümlələr, eyni zamanda, mətbuatımızın banisinin “Əkinçi” ilə bağlı məramnaməsi ilə səsləşməsi, üst-üst düşməsi yazıçı səmimiyyətinin, bir az əvvəl qeyd etdiyim kimi, tarixilik prinsipinə sadiqliyin parlaq ifadəsidir: “…Hər bir vilayətin qəzeti gərək ol vilayətin ayinəsi olsun, yəni ol vilayətlərin sakinlərinin elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, qəzetə baxan xalqı ayinədə görən kimi görsün…”.
Ümumiyyətlə, “İşığa gedən yol”da müəllif tarixi hadisələri, faktları son dərəcə sənətkarlıqla bədiiləşdirib, bununla yanaşı, əsəri haqlı olaraq arxiv materialı və tarixi faktlarla “yükləməkdən” yayınıb. Müəllif Zərdabinin Tiflis gimnaziyasından başlanan, Moskva universitetində təkmilləşən, Bakı ictimai-tarixi mühitində isə kamilliyə çatan ömrünün az qala hər saatını, hər gününü həmin yanaşma əsasında diqqətə çatdırıb.
Bu yerdə görkəmli yazıçı (Böyük Britaniya) Con Qolsuorsinin “Yazıçı inamı” məqaləsində bir məqamı xatırlatmaq yerinə düşərdi. Con Qolsuorsi qeyd edirdi ki, yazıçı, doğrudan da yazıçıdırsa, bilməlidir ki, o nə siyasətçidir, nə də məktəb müəllimidir, onların yerini və vəzifələrini tutmağa çalışmamalıdır. Yazıçının vəzifəsi sosial, etik, bəşəri dəyərləri yaratdığı obrazların xarakterində verməkdir. O başqa məsələ ki, təsvir və bədii təqdimat müxtəlif forma ala bilər. Onun qəhrəmanları neqativ örtükdə də, realist biçimdə də, hətta qvazisatirik də ola bilər. Lakin hər bir halda yazıçı yaratdığı qəhrəmanına neytral hisslərlə yanaşmağı bacarmalıdır. Ona nə yuxarıdan aşağı, nə də aşağıdan yuxarı baxmamalıdır. Əsərdən həzz almaq və ya onu kənara qoymaq isə artıq oxucunun işidir.
Sona Vəliyeva “İşığa gedən yol” romanında da “yaratdığı qəhrəmanına neytral hisslərlə yanaşmağı bacarıb. Ona nə yuxarıdan aşağı, nə də aşağıdan yuxarı baxmayıb”. Hadisələri ardıcılıqla təsvir edərək qurduğu süjetdə ustalıqla xarakterlər yaratmağa nail olub, həmin xarakterlərin düşüncələrini, şəxsi qənaətlərini oxucuya bacarıqla çatdıra bilib. Bax, bu səbəbə görə də Böyük Britaniya yazıçısının sözlərinə istinad edib əminliklə deyə bilərəm ki, bu romanı oxuyan hər kəs onu kənara qoymaq haqqında düşünmür, əksinə, uzun müddət əsərin dərin təəssüratı ilə yaşayır, obrazları yaddaşına köçürür, xəyalən o illərin ziyalıları ilə birgə addımlayır, mübarizə aparır. Çünki “İşığa gedən yol”, ziyalı, ziyalılıq haqqında, əgər belə demək mümkünsə, bu dastan insani hissləri, insani dəyərləri özündə cəmləşdirib.
Təkrar edirəm, “İşığa gedən yol”da heç nə, heç bir hadisə uydurma deyil, qondarmaçılıqdan, əllaməçilikdən uzaqdır, nağıl təsiri bağışlamır. Çünki müəllif yaxşı bilir ki, əsər səmimiyyət, inandırıcılıq olmasa, oxunmayacaq, uzaqbaşı kitab bir neçə səhifə vərəqlənib kənara atılacaq. Elə bu yerdəcə yenə də xarici tənqidçilərdən birinin nə vaxtsa dediyi sözləri diqqətə çatdırıram: “Nağıl danışanların məqsədini anlamaq olmur… Əlimdə əlac olsaydı, onlara yazmağı qadağan edərdim”.
Sona Vəliyeva qələmə aldığı romanda ötənlərdə baş verənlərə bu günün diqtəsi ilə yanaşıb, hadisələri dövrün dəyərlərinə əsaslanaraq diqqətə çatdırıb. Bu zaman isə hisslərinin, düşüncələrinin əsrinə çevrilməyib. Ağlın, zəkanın, bir sözlə, istedadının gücü hesabına cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslərlə onların öz “dilində” danışmağı, onlarla söhbətləşməyi, hətta mübahisə etməyi bacarıb. Belədə isə oxucuda onun, dediyim kimi, qondarmaçılıqdan, əllaməçilikdən uzaq, səmimi həmsöhbət olduğu qənaəti formalaşır.
Anar YUSİFOĞLU