İşıq sürətinə satılan 500 evin müəmması – MİDA kasıbların evini necə oğurlayır?!

Dünən Azərbaycanda rekord hesab ediləcək hadisə baş verdi. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2-3 saniyədə 500 mənzili satdı. Xeyr, bu nə MİDA-nın yüksək texnologiyaya əsaslanan metodudur, nə də Azərbaycan mənzil bazarında alıcılıq qabiliyyətinin yüksək həddindən irəli gəlir. Bu, sadəcə olaraq anti-rekorddur, çünki MİDA-nın saniyələr içində satdığı mənzilin nə alanı bəllidir, nə də nəyə əsasən bu qədər sürətli satışın həyata keçirildiyi.

Haqlı olaraq, ictimai narazılıq pik həddə yüksəldi və təəssüf ki, MİDA-nın sabotaj kimi də görünən bu şübhəli addımı narazılığın dövlətə qarşı çevrilməsinə səbəb olur. Vətəndaşların bu qədər narazılığının yeganə səbəbi təkcə dünən həyata keçirilən absurd satış deyil, səbəb daha dərindir və əvvəlki fəaliyyətə, daha doğrusu fəaliyyətsizliyə söykənir.

Hər şeydən öncə qeyd etməliyik ki, ölkədə, xüsusilə paytaxda mənzil almaq problemi mövcuddur. Özəl şirkətlərin mənzilləri daha baha qiymətə satması, eləcə də tələblə təklifin tərs mütənasib olması bu sahədə köklü çətinliklər yaradır.

Dövlət vətəndaşlara iki istiqamətdə dəstək verir. İş yerlərinin açılmasına, daha yüksək əmək haqqının verilməsinə çalışır, bununla yanaşı, mənzil almağı əlçatan etmək üçün daha güzəştli imkanlar yaradır. Bunlardan biri ipoteka kreditləridir ki, uzun illərdir güzəştli kreditlər verilir. Digəri isə MİDA-nın inşasını və satışını həyata keçirdiyi sosial evlərdir.

Prezident İlham Əliyevin 2016-cı ildə MİDA-nı bu məqsədlə yaratdı. Agentliyin yaradılması ilə bağlı Fərmanda da qeyd olunur ki, məqsəd Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.

MİDA dövlət balansında olan ərazilərdə dövlət büdcəsindən ayrılan vəsaitlə çoxmənzilli yaşayış kompleksləri inşa edir və daha münasib və güzəştli şəkildə satışının həyata keçirir.

Prezident İlham Əliyevin bu addımı cəmiyyətdə böyük sevinclə qarşılandı. Çünki bu, mənzilə ehtiyacı olanlar üçün ev almaq imkanının yaranması demək idi. Ehtiyacı olanlar böyük ümidlə güzəştli mənzillərin inşasının başa çatdırılması və satışa çıxarılması gününü gözlədilər.

2018-ci ildə vədə yetişdi və MİDA hər kəsi məyus etdi. Prezident nəcib addımını belə demək mümkünsə, baltaladı, cəmiyyətdə narazılıq yaratdı. Çünki satışın başladığı dəqiqədə MİDA-nın saytı çökdü, yenidən fəaliyyətə başlayanda isə bütün mənzillərin satışı nə işdirsə, başa çatmışdı. Halbuki, həmin vaxt mütəxəssislər ilk növbədə Agentliyin saytının çöküşünə diqqət çəkdilər.

İnformasiya texnologiyaları mütəxəssisi Osman Gündüz həmin vaxt bildirirdi ki, MİDA saytın hazırlanması və təhlükəsizliyinin təminatı məqsədilə “RİSK” adlı şirkətə 700 min manatdan artıq ödəniş edib.

Necə oldu ki, 15 evin qiymətinə hazırlanan sayt işə düşməsinin ilk dəqiqəsində çökdü?! Görünür, ya saytın hazırlanmasında maxinasiyaya yol verilib və “700 min manat” saxtadır, ya da burada başqa əmma var.

Həmin əmmanın nə olduğu da fəaliyyəti dayanan sayt yenidən işə düşən kimi bütün mənzillərin satışının başa çatmasındadır. Bu, vətəndaşlarda haqlı şübhələrə yol açdı. Əsas fikir belə idi ki, MİDA bu oyunu özü qurub və mənzillər Agentliyin rəhbər şəxsləri tərəfindən oğurlanıb. Bu iddianı sübut etmək mümkün olmasa da, vəziyyət belə düşünməyə əsas verirdi.

İlk satış haqqında narazılıq zamanla səngidi, lakin MİDA-nın müəmmalı satışına tam aydınlıq gətirilmədi. Vətəndaşlar ümidlərini növbəti mərhələyə bağladılar və gözlədilər. Nəhayət, 30 mart 2022-ci il tarixində MİDA güzəştli mənzillərin satışının ikinci mərhələsini həyata keçirdi və bu dəfə də özünəməxsus formada rekorda imza atdı. Cəmi 3 saniyəyə 500 mənzil “yoxa çıxdı”. Əgər müəmma ikinci dəfə də baş verirsə, bu, artıq şübhələri ikiqat artırır.

Belə iddialar da var ki, mənzillərin alışı dəllallar tərəfindən həyata keçirilib və bu işdə onlara hakerlər kömək edib. Bu, bir qədər inandırıcı gəlmir, yaxud olsa belə, 500 mənzili 3-4 saniyədə “almaq” mümkünsüzdür.

Əsas fikir yenə o haqdadır ki, MİDA dövlət vəsaiti ilə inşa edilən və təyinatı vətəndaşlara güzəştli şəkildə verilməsi olan mənzilləri oğurlayır. Yəni, həm Agentliyin əməkdaşları tərəfindən alınır, həm də əvvəldən müəyyən pul qarşılığında önə çəkilən şəxslərə satılır.

Bu da təsdiqlənməmiş məlumatdır, lakin artıq ikinci dəfə baş verən hadisəni və ikinci dəfə gündəmə gələn iddianı araşdırmaq, həqiqəti ortaya çıxarmaq hüquq-mühafizə orqanlarının işidir.

MİDA-nın 3-4 saniyədə 500 evin necə satıldığına dair verdiyi açıqlama da şübhələrə aydınlıq gətirməyə kömək etmədi. Müəmma davam edir və bu düyünü yalnız müvafiq orqanlar çözə bilər. Cəmiyyətdə yaranmış narazılıq isə təkzibedilməz faktı növbəti dəfə ortaya çıxardı. MİDA dövlətin sosial layihəsini sabotaj edir!

Zaur Hacılı

COP29