!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşıqlar sönəndə - Aqil Bəkir yazır

!Reklam – Yazi

Dünən ofisə gəlib masamın başına keçərkən ilk işim kompüteri yandırıb İşıqlar sönəndə” adlı bir yazı yazmağa başlamaq oldu.

Yazının ilk abzasını bitirmişdim ki, məni dərindən sarsan bir xəbər aldım. Ömrünün 25-ci baharında jurnalist dostum, gənc alim Nurlan Ağa (Salamov) koronavirusun pəncəsindən qurtula bilməmiş, İstanbulda müalicə aldığı xəstəxanada vəfat etmişdi.

Dost itirmək hər ağrıdan ağırdır…

Və bu gün yenə yazıram: “İşıqlar sönəndə”. Fəqət bu dəfə fərqlidir. Bu dəfə elektrik kəsintisinin nostalgiyasından yox, bir ömrün sönən işığından yazıram. Bunu özümə bir vəfa borcu hesab edir, gözlərimdən axmayan hər yaşı bu sətirlərə yükləyirəm…

Nurlan Ağa ilə tanışlığımız 2019-cu ilə təsadüf edir. Məni onda cəlb edən dediyim həmin işıq idi ki, ilk anlardan etibarən onu özümə ən yaxın insan bilmiş, bir-birimizin yanında ruhi sərbəstliyimizi elan etmişdik.

Dərin bilgi və insanpərvər düşüncə sahibi olması kövrək qəlbini çox yaralamışdı. Kiçik yaşlarından etibarən bu qoca dünyanın gərdişində çalxalanmış, dizini yerə qoymuş, lakin hər şeyə rəğmən, yenidən qalxmağı bacarmış, bir çoxlarının edə bilmədiyi şeyləri rellaşdırmışdı.

Zaman-zaman itirdiklərinə, yaşaya bilmədiyi uşaqlığına heyifsilənər, ancaq vaz keçməzdi. Özünü elmə qapdırmış, bir növ gəzən ensiklopediyaya dönmüşdü. Onun ən çox sevdiyi məşğuliyyət idi kitab oxumaq, bilgi əldə etmək. Məhz onun bu elm həvəsi Nurlanı təqaüd proqramı ilə Türkiyənin Ərzurum Atatürk Univeristetinə aparıb çıxardı. Türkiyədəki müəllimlərinin onun haqqında yazdığı yazıları oxuduğum zaman, həqiqətən də, Azərbaycan elmini inkişaf etdirəcək bir şəxsin bu dünyadan getdiyinə daha da əmin oluram.

Bu gənc yaşında aramızdan ayrılan Nurlan Ağanın ölkəsinə, doğma yurduna son gəlişi iki şey ilə əlamətdar idi. Birincisi, Türkiyədə ilk kitabı çap olunmuşdu. Doğrusu, özü burada ola-ola Türkiyədə Vətən müharibəsinə həsr etdiyi kitabının çıxma xəbərini aldı və biz də onun sevincinə şərik olduq. İkincisi isə… İkincisini bilmirəm. Heç söyləmədi. Dedi, hələ zamanı deyil, ancaq çox gözəl bir şey olacaq, xəbər gözləyirəm. Biz onun sevincli xəbərini gözləyərkən ölüm xəbərini aldıq.

Hər ölüm vaxtsızdır, hər ölümü ifadə etmək üçün kəlimələr kifayətsiz. Ancaq dolub-daşan xatirələr dənizində sənin içində ən yer etmişini bulub ortaya çıxarmaq, onu fikirləşərkən o dənizdə boğulmamağa çalışmaq, həqiqətən, çox ağırdır.

İndi düşünürəm, görəsən, Nurlanın mənimlə bölüşmədiyi o gözəl xəbəri nə idi? Nəyi belə intizarla gözləyirdi?

Türkiyəyə yola düşmədən bir gün öncə görüşdük. Getmək istəmirdi. Ağladı, “Sizi qoyub getmək istəmirəm”, – dedi. Dedim ki, Nurlan, bu ölkə sənə heç yaxşı təsir etmir, get, orada həyatını qur, yaşa. Sarıldıq. Kövrəlmişdim.

Əlavə etdi: “Mənə elə gəlir ki, bir də görüşə bilməyəcəyik, son görüşümüzdür bu”.

Elə də oldu.

Koronavirusa yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini öyrəndikdən sonra görüntülü danışdıq. Onu elə görmək çətin idi. Ancaq Nurlanın bunun da öhdəsindən gələcəyinə əmin idim. Elə deyilmiş…

Nurlanın vəfat xəbəri məni sarsdı. Ancaq rahatam. Çünki o, bircə dəfə də varsa, görmək üçün dünyaları verməyə hazır olduğu anasına qovuşdu. Bu dünyanın iztirablarından qurtuldu.

Lakin ona xəstəxana otağında tək ölməyi yaraşdırmadım. Dost olaraq son anlarında yanında olmamağın acısı bütün ömrüm boyu mənimlə birgə addımlayacaq.

O, aydın gənc, işıqlı dost idi. Allah nurunun bir parçası olan bu işıqlı gənc artıq Tanrı ilə bütünləşdi, gedib o nura qovuşdu.

Ağlamadım. Bəlkə də bu hissi unutmuşam, ancaq göz yaşlarım içimə axır. Səni unutmayacağıq, işıq adam!

Tanrıdan bəxt borc alsaydım,
Sənə də saxlayardım.
Ağlamağı bacarsaydım,
Sənə gün ağlayardım…

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv