“Ötən gecə baş verən hadisə nəticəsində ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında gecə saatlarında “Mingəçevir” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza və yanğın nəticəsində bütün respublikanın qaranlığa qərq olmasının ölkə iqtisadiyyatına vurduğu ziyanı hesablayarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:
“Elə istehsal sahələri var ki, ora fasiləsiz elektrik enerjisi verilməlidir. Məsələn, poladəritmə sexində poladın əridilməsi prosesində elektrik enerjisinin verilişi kəsildikdə, qazandakı metal məhlulu həmin qazana yapışaraq, ümumiyyətlə sıradan çıxır. Belə olan halda onun yenidən bərpasına milyonlarla manat vəsait lazım gəlir. Neftayırma zavodunda benzin istehsal edən qurğuya elektrikin verilişində 30 saniyə fasilə baş verərsə, qurğu partlayar. Bu mənada alternativ elektrik mənbəyi olmayıbsa və yaxud vaxtında qoşulmayıbsa, böyük ehtimalla Azərbaycan neftayırma zavodundakı həmin qurğu partlayıb. Belə olan halda hadisə nəticəsində ölkəyə dəyən ziyanın həcmi milyardlarla dollardır”.
Ekspertin fikrincə, yaranmış vəziyyətin əsas səbəbi ölkədə korrupsiya, məsuliyyətsizlik, kooperativ maraqların dövlət maraqlarından üstün tutulması ilə bağlıdır:
“Digər tərəfdən inanmıram ki, bütün ölkənin qaranlığa qərq olması təkcə “Mingəçevir”də elektrik stansiyasının partlaması ilə bağlı olsun. Ölkə üzrə 30-a yaxın elektrik stansiyası var. Onlardan yalnız biri sıradan çıxırsa, nəyə görə bütün ölkə üzrə elektrik enerjisinin verilişində fasilə yaranmalı, strateji obyekt sayılan metroda işıqlar sönməlidir? Sənədləşdirmədə yüksək keyfiyyətli avadanlığın gətirildiyi göstərilir. Reallıqda isə Çinin ən keyfiyyətsiz avadanlıq və qurğularından istifadə olunur. Hesab edirəm ki, baş verən hadisə ilə ölkə iqtisadiyyatına vurulan zərərin həcminin milyardlarla dollar ölçülməsi məhz məsuliyyətsizlikdən, korrupsiyadan irəli gəlir. Yoxsa, bir stansiyanın partlaması iqtisadiyyata bu qədər böyük həcmdə ziyan vura bilməz. Yəni ki, yaxın günlərdə rəsmi qurumlar da olay nəticəsində iqtisadiyyata dəyən ziyanla bağlı açıqlama verəcək. Nəticədə baş vermiş hadisə ilə iqtisadiyyata dəymiş ziyanın adekvatlığını tam aydınlaşdıra biləcəyik. Amma ilkin qənaətim odur ki, baş verən hadisə ilə ölkə iqtisadiyyatına dəyən zərər adekvat deyil. Ona görə adekvat deyil ki, dəymiş zərərin hamısı birbaşa baş verən hadisə ilə əlaqədar deyil”.
Xatırladaq ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Qəza yanğınla nəticələnib. Nəticədə bütün ölkə demək olar ki, səhərə qədər elektriksiz qalıb. Hansı ki, indinin özündə belə rayonlar bir yana, hətta Bakıətrafı əksər ərazilərdə belə elektrik verilişi tam bərpa olunmayıb.
ELÇİN