Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“İslahat istəyirlərsə, Fikrət Məmmədov və Ramiz Rzayev vəzifədən azad olunmalıdır” – Aslan İsmayılov

“O ikisinin vəzifədə olduğu müddətdə heç bir islahatdan söhbət gedə bilməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində islahatların aparılmasına dair fərmanının praktik icra vəziyyətini dəyərləndirən kaçmiş vəkil Aslan İsmayılov deyib.

Aslan İsmayılovun fikrincə, ölkənin ədliyyə sisteminin mövcud rəhbərliyi ilə qeyd olunan sahədə hər hansı islahatın aparılması mümkün deyil.

Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman artıq iki həftədir cəmiyyətdə ən çox müzakirə olunan məsələlər sırasındadır.

Dövlət başçısının bəhs olunan Fərmanına münasibət bildirən peşəkar hüquqşünaslar və məhkəmə sistemindəki mövcud nöqsanlardan əziyyət çəkən vətəndaşlar bu addımı yüksək qiymətləndirərək, məhkəmə-hüquq sistemində pozitiv dəyişikliklərin tezliklə gerçəkləşməsini gözləyirlər.

Bununla belə, Ədliyyə Nazirliyi, həmçinin cəmiyyətdə kifayət qədər mənfi reputasiyaya malik olan yüksək məhkəmə instansiyaları rəhbərlərinin vəzifə səlahiyyətlərini davam etdirdikləri müddətdə islahatların müsbət nəticə verəcəyinə yönəlik şübhələr də az deyil.

Prezidentin məlum fərmanında nəzərdə tutulan islahatların gözlənilən nəticələri verməyəcəyinə dair ən qəti fikri isə Haqqın.az saytının rəhbəri, hakimiyyətyönlü mövqeyi ilə seçilən Eynulla Fətullayev ifadə edib. Fətullayev özünün “Facebook” profilində Ali Məhkəmənin sədri Ramiz Rzayevi hədəfə alaraq, onun “məhkəmə özbaşınalığı və korrupsiyanın başında durduğunu” açıq mətnlə yazıb. Haqqın.az-ın rəhbəri hesab edir ki, Ramiz Rzayevin rəhbərliyi altında hər hansı islahatdan danışmaq mümkün olmayacaq:
“Prezident hüquqi islahatlar və məhkəmələrin buraxılıb yenidən qurulması ilə bağlı tarixi bir fərman imzaladı. Amma bu inqilabi fərman həyatda necə icra edildi? Ali Məhkəmənin sədri, məhkəmə özbaşınalığı və korrupsiyanın başında duran Ramiz Rzayev jurnalistləri toplayıb islahatlardan dəm vurur.

Sual edirəm: əgər məhkəmə və hüquqi islahatların başında Ramiz Rzayev duracaqsa, onda hansı islahatdan söhbət gedir? Və bu fərmana lüzum var idimi?

Sual edirəm: Prezident islahatlar haqda fərman imzalayırsa, deməli bu sahədə problemləri etiraf etmiş olur. Fərmanda hər cümlədə korrupsiya ifadəsi var.

Əgər, məhkəmələrdə korrupsiya etiraf edilirsə, o zaman Ramiz Rzayev mətbuat konfransında nədən və kimdən danışır? Axı son 15 ildə Ali Məhkəmənin başında duran bu şəxsdir, deməli islahatlara deyil, korrupsiyaya da məsul odur…”

Mövzu barəsində Yenicag.az-a danışan sabiq vəkil Aslan İsmayılov isə bu fikirdədir ki, ölkənin məhkəmə sisteminin mövcud acınacaqlı vəziyyətə düşməsinə görə məsuliyyət daşıyan bütün yüksək vəzifəli məmurlar vəzifədən uzaqlaşdırılmalıdır:
“Mən, əlbəttə, hamı kimi prezidentin məhkəmə islahatları haqqında fərmanını dəstəkləyirəm. Amma bununla belə, bildirirəm ki, həmin fərmanda da qeyd olunduğu kimi, iyirmi ildir, bu rüşvətxor, korrupsioner, kriminal məhkəmə sistemini yaradan ədliyyə naziri, Məhkəmə-hüquq Şurasının sədri Fikrət Məmmədovun və Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılığı ilə heç bir islahatdan söhbət gedə bilməz.

Ramiz Rzayev tək Ali Məhkəməyə cavabdehdir, bütün məhkəmə sistemini, o cümlədən, Ali Məhkəməni də formalaşdıran məhz Fikrət Məmmədovdur. Bunu bilməyən var? Bilmirsizsə, mən bilən şəxs kimi bunu dəqiq deyirəm. Təbii ki, Ramiz Rzayevin də rolu var. O ikisinin vəzifədə olduğu müddətdə heç bir islahatdan söhbət gedə bilməz. Əgər həqiqətən, islahat istəyirlərsə, onların ikisi də dərhal vəzifədən azad olunmalıdır”.

A.Zeynalov

www.yenicag.az

2983
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM