!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İslahatlara süni əngəllər yaradan məmurlar bunun cəzasını çox ağır ödəyəcəklər” – Qənirə Paşayeva

!Reklam – Yazi

 

“Nəqliyyat Nazirliyinə və yolla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam ki, işğal olunan rayonlarımızla bağlı yol nişanları çoxaldılsın”

12115589_763371303774911_6625602810098818008_nÖlkədə sosial-iqtisadi problemlər çoxaldıqca, taleyüklü məsələlərlə bağlı narahatlıq artır. Çünki bir çoxları hesab edir ki, iqtisadi problemlər Qarabağ dərdini belə az da olsa ikinci plana atır. Bunun belə olmaması üçün nə edilməlidir? Bəlkə sözdə “Qarabağı unutma” deməklə, Qarabağın unudulmasının qarşısının alınmayacağını bildiyindən millət vəkili Qənirə Paşayeva hələ 2012-ci ildə işğal olunmuş rayonlarımızın əks olunduğu yol nişanlarının nəqliyyatın keçdiyi yollarda qoyulması təklifilə çıxış etmişdi. O zaman geniş rezonans doğuran məsələ yenidən gündəmə gəlməkdədir. Yenicag.az-ın bu və digər suallarını Milli Məclisin üzvü Qənirə Paşayeva cavablandırır.

– Ölkədə sosial problemlər artdıqca istər-istəməz insanlar tale yüklü milli məsələləri bir qədər ikinci plana çəkirlər. Yəni, sosial problemlər artdıqca Qarabağ məsələsinin vətəndaşlarımız üçün arxa plana keçməməsi üçün hansı addımlar atılmalıdır?

– Qarabağ mövzusu elə bir mövzudur ki, o heç cür bizim üçün ikinci plana keçə bilməz. Çünki torpaqlarımızın işğaldan azad edilməsi bizim üçün ən önəmli məsələdir. Qarabağ məsələsi dövlətin siyasətində də əsas xətt olaraq qalır və qalacaq. Bəzi insanların sosial qayğıların fonunda milli məsələlərin onlar üçün ikinci plana keçməsinə gəldikdə, bu olmamalıdır. Söhbət sadəcə sosial məsələlərlə bağlı deyil. Bu gün yeni gənc nəsil böyüyür ki, onlar həmin hadisələri görməyib. Torpaqlarımızın işğalı ilindən sonra doğulan gənclərimizin o hadisələri dərindən bilməsi üçün çalışmalıyıq. Bu iş isə məktəbdən başlamalıdır. İkinci bir tərəfdən, mətbuat, media, televiziyalarda bu istiqamətdə proqramların, müzakirələrin daha çox aparılmasına ciddi ehtiyac olmalıdır. Bizlər Qarabağı, o gözəl torpaqları görmüşük.  Amma indiki gənclərin oranı görmək şansları olmayıb. Ona görə də Qarabağ mövzusu o qədər yüksək səviyyədə təbliğ olunmalıdır ki, müasir gənclərimizin də məlumatlılıq dərəcəsi yüksək olsun. Şou proqramların yerini əhalinin maariflənməsi, tariximizlə bağlı müxtəlif maraqlı veriliş və müzakirələrin tutması vacibdir. Bir çox qəhrəmanlarımız var ki, onlar Vətəni necə sevməklə bağlı bizim üçün böyük örnəklər qoyub. Gənclərimiz görməlidir ki, 19-20 yaşında gənclərimiz Milli Qəhrəman adına layiq görülüblər. Oradakı torpaqlarımızı gənclərimizin dərindən bilməsi önəmli məsələdir. Ona görə də söhbətə hansısa dövrdə sosial problemlərin artması, azalması prizmasından yanaşmamalıyıq.  Milli məsələlər gündəlik fəaliyyətimizdə ən önəmli məsələ olmalıdır ki, hər bir böyüyən gənclik üçün bu məsələ onun yaşam gününə çevrilsin, hər gün o istiqamətdə düşünsün. Mübariz İbrahimov ermənilərin formalaşdırmaq istədiyi düşüncə və fikrə ən böyük zərbəni nə ilə vurdu? Ermənilərdə belə bir fikir var idi ki, Qarabağda doğulan hazırkı nəsil dünyadan köçür, qarabağlı olan yeni nəsil isə kənarda doğulur.  Onların isə həmin bölgəyə yanaşması, münasibəti  vaxtilə Qarabağ bölgəsində doğulanlar qədər olmayacaq.  Amma Mübariz İbrahimov göstərdi ki, nəinki Qarabağda doğulmadan, Biləsuvarda doğulub, amma Qarabağı bu bölgədə doğulmuş qədər sevib, canından keçmək istəyən nəsil var. Mübariz İbrahimov bu əməli ilə ermənilərin həmin yanaşmasına böyük zərbə vurdu və bu gənclərimiz üçün də önəmli bir örnək idi. Hesab edirəm ki, hər zaman  bizim üçün Qarabağ məsələsi əsas prioritet olmalıdır.

581775_448225– Qarşıdan Xocalı soyqırımının növbəti anım günü gəlir. Bu tarixləri daha çox anım günlərində qeyd edirik. Xocalı soyqırımı məsələsinin davamlı olaraq gündəmdə olması üçün hansı addımlar atılmalıdır?

– Dünyada Azərbaycan kökənli türklərin sayı 50 milyondan artıqdır. Biz dünyanın hər yerindəki insanımızın bu məsələyə daha çox sahib çıxması üçün çalışmaları daha da artırmalıyq. Yəni 50 milyonluq insan bu məsələnin arxasında bir nəfəs olmalıdır. İlin 365 günü 50 milyonluq insanımızın dünyada bu məsələ üzrə çalışması ciddi məsələdir. Bu istiqamətdə sayımızı və gücümüzü də artırmalıyıq. Üçüncüsü qan və can qardaşı olan türk kökənli insanların  bu məsələ arxasında daha çox olması üçün daha artıq dərəcədə çalışmalıyıq. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində yaşayan türk kökənli insanların xeyli hissəsi var ki, bu məsələnin dərinliyi barədə məlumatsızdır.  Öz insanlarımıza daha çox aydınlaşdırmalıyq ki, sabah onların gücü də bizim gücümüzlə bərabər dünyada daha təsirli ola bilsin. Bu mövzunun davamlı şəkildə hamının ilin 365 günündə gündəmində olması gərəkdir. Bizə qarşı olan ikili standartları görürük. Amma onu da görürük ki, daha çox çalışmaqla daha da çox nəticə əldə edirik. Son illər Xocalı soyqırımını tanıyan, qətnamələr qəbul edən, bunu pisləyib, etiraz səsini ucaldan ölkələrin sayı artır. Hadisədən neçə il keçirsə-keçsin ədalət yerini tutana qədər onu törədən ermənilərin həm ədalət, həm də tarix qarşısında cavab verməsi üçün çalışmalarımızı davamlı olaraq aparmalıyıq.

– Bir neçə il öncə Milli Məclisdə Qarabağı xatırladan yol nişanlarının qoyulması ilə bağlı təkliflə çıxış etmişdiniz. Bir neçə yerdə, xüsusən Gəncə və Mingəçevir tərəflərdə bunu reallaşdırdılar. Məsələnin yenidən gündəmə gəlməsi, daha geniş əraziləri bu tipli yol nişanlarının bürüməsi üçün   hansı addımların atılması vacibdir?

–  Bəli. O təklif çox müsbət qarşılandı və ilkin olaraq, addımlar atıldı. Lakin bunları artırmaq gərəkdir. Mən bu gün də rayon rəhbərlərilə, müvafiq qurumların rəsmiləri ilə görüş və söhbətlərdə, tədbirlər çərçivəsində tez-tez vurğulayıram ki, ölkəmizin müxtəlif yollarında yerləşdirilən və Qarabağı xatırladan yol nişanlarının sayını artırmaq lazımdır. Bu yol nişanlarının sayını daha da çoxaltmalıyıq ki, gənclərimiz avtomobili idarə edərkən, marşurutda gedərkən gözlərini çevirdikləri hər yerdə Qarabağla və işğal altında olan digər rayonlarımızı xatırladan yol nişanlarını görə bilsinlər. İşğal altında olan rayonlarımızla bağlı belə yol nişanlarını hər yerdə daha da çox qoymaq lazımdır ki, insanlar məsələ ilə bağlı daha çox məlumatlı olsunlar.  Çünki bu önəmli psixoloji bir məsələdir ki, gənclərimiz torpağımız olan Şuşanın avtomobillə keçdikləri yerdən nə qədər məsafədə olduğunu bilsinlər. Bu gün gənclərimiz Şuşaya gedə bilmir. Amma o yola baxdığı zaman yolun ölkəmizin bir parçası olan Şuşaya getdiyini, ora qədər məsafənin nə qədər olduğunu görür. Ona görə də belə yol nişanlarının sayı həddindən artıq artmalıdır. Tək Bakıdan gedən istiqamətlər üzrə deyil, ölkəmizin bütün digər bölgələrindən gələn yollarda da yol nişanları qoyulmalıdır ki, Xankəndi, Laçın, Şuşanın keçilən məsafədən nə qədər aralıda yerləşdiyini gənclərimiz, bütün insanlarımız bilsin, bunu həmişə yadlarında saxlasınlar. Məsələyə sadəcə yol nişanı anlayışı ilə baxmamalıyıq. Bunun bir siyasi anlamı da var. Ölkəmizə çoxsaylı qonaqlar gəlir və onlar da bu yollardan keçirlər. Həmin yol nişanlarını onlar da oxuyur. Orada bunu gördükləri zaman ölkəmizə gələn hər bir insana, daxildə böyüyən gəncliyimizə də mesaj verir. Mən bu təklifdən başqa daha bir ideya da irəli sürmüşdüm ki, Bakının bir neçə görməli məkanlarında Azərbaycanın böyük bir xəritəsi vurulmalı və burada azərbaycan, ingilis və bir neçə digər dillərdə işğal olunmuş rayonların adları da göstərilməlidir. Bakının əsas magistral yollarında bir neçə yerdə Azərbaycan xəritəsinin qoyulması  və burada işğal olunmuş bölgələrin də xüsusi olaraq qeyd edilməsi vacibdir. Bu da oradan keçən hər kəsə bir göz informasiyası verir. Bu təkliflə çıxış edərək, Bakı Şəhər İcra Hakimiyyətini də məsələyə baxmağa çağırmışdım.  Ölkəyə gələn hər bir xarici görüntü məlumatı da yaya bilir, insanlarımız böyüyən gəncliyimiz üçün də bunun əhəmiyyəti böyükdür.

– Xəritə məsələsini, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırdığınızı dediniz. Bəs yol nişanları ilə bağlı Milli Məclisdə təklif irəli sürməkdən başqa hansısa qurumlar qarşısında qaldırmısınızmı?

–  Əlbəttə. Bununla bağlı Nəqliyyat Nazirliyi, yollarla bağlı olan digər  qurumlar qarşısında yazılı və şifahi olaraq, məsələ qaldırmışam. Rayon icra qurumlarına çağırışlar etmişəm və bunun önəmini hər zaman vurğulamışam, bu gün də vurğulayıram. Bu istiqamətdə görülən işlər yetərli deyil, onu çoxaltmaq lazımdır. Belə yol nişanları və xəritəni sadəcə Bakıdan gedən yol üzərinə deyil, digər bölgələrimizdən gələn yollar üzərinə də yerləşdirmək olar.  Bunun nə zərəri var? Bunun ancaq müsbət tərəfi ola bilər ki, oradakı insanlara da bir mesaj olsun. Bu addımlar yol işarəsindən daha çox, insanların beyninə işləyən mesaj olmalıdır.  Xaricdən gələn bunları görsə, artıq ölkədəki ab-havanın da nə olduğunu daha çox hiss edəcək. Ona görə məsələyə bir qədər fərqli prizmadan yanaşmaq lazımdır.

dsc_0129– Prezident qısa müddət ərzində artıq ikinci dəfə islahatlarla bağlı nazirlərlə toplantı keçirdi. Bu gün isə Milli Məclisin növbədənkənar iclası olacaq. Dövlət başçısı görürük ki, məsələyə ciddi şəkildə  yanaşaraq Bəs məmurların məsələyə yanaşması necədir?

– Bu məsələ ilə bağlı ən vacib məsələni cənab prezident söylədi ki, xalqın mənafeyi hər şeydən üstün olmalıdır. Bu gün dünyada neftin ucuzlaşması prossesi gedir və Azərbaycanla əlaqəli deyil. Dünyann bir sıra bölgəsində valyutaların devalvasiyası gedir. İndi daha çox çalışmalıyıq ki, əhalinin aztəminatlı hissəsinin hüquqları xüsusi qorunmalıdır. Monopoliyalar artıq yığışdırılmalıdır. Cənab prezident süni bahalaşmaya yol verənlərə, “xalqa nə olursa olsun, mən cibimə baxaram” zehniyyətində olanlara qarşı çox sərt qarşılıq veriləcəyini vurğuladı. Unun ƏDV-dən azad edilməsi və digər addımlar da göstərir ki, dövlət xalqın rifahı üçün bütün mexanizmlərini işlək vəziyyətə gətirib və monopolistlərə bu məsələdə güzəşt edilməyəcək. İkincisi, icra qurumlarına açıq mesaj verildi ki, yerli istehsala şərait yaratsınlar, onlara süni əngəllər yaratmasınlar. Kimliyindən asılı olmayaraq, buna əngəl olanlar cəzalandırılacaqlar. Yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı və inhisarçılığın ləğvi prioritet məsələlərdir. Milli Məclisdə büdcə ilə yanaşı kreditlər məsələsi də gündəmə gələcəyi gözlənilir. 10 min manata qədər kredit götürən insanların çoxu imkanları aşağı olan insanlardır. Onların kreditlərini bundan əvvəlki kursla ödənilməsi məsələsi müzakirə mövzusudur. Ümid edirik ki, hökumət bu məsələni həll edəcək. Şəxsən mənim özümə də dəfələrlə müraciət edilib ki, devalvasiyadan sonra insanlar kreditlərini yeni kursla verə bilmirlər. Çıxılmaz vəziyyətdə olan insanlara aparılan islahatlar müəyyən qədər dəstək olacaq. Bu dövrdə islahatlara qarşı olan və süni əngəllər yaradan məmurlar bunun cəzasını çox ağır ödəyəcəklər. Biz inanırıq ki, son devalvasiyadan sonra yaranan problemlər bu proqramlarla bir-bir aradan qalxacaqdır.

 

Söhbəti qələmə aldı: Sevər ŞAKİRQIZI

www.yenicag.az

908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv