İslahatların dərinləşdirilməsi üçün YENİ ZƏMİN: “Daxili siyasətdə ciddi dəyişikliklərə gedilməsi…”

“Növbədənkənar prezident seçkilərinin təyin edilməsində əsas məqsəd islahatların genişləndirilməsidir”.

Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsini şərtləndirən amillərə toxunan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərinin təyin edilməsi bir neçə faktorla bağlı ola bilər:

“Prezident İlham Əliyev bununla millətinin maraqları uğrunda savaşan lider olmağın heç də asan olmadığını, xalqın onu seçdiyini, vətəndaşların ona etimad göstərdiyini dünyaya nümayiş etdirmək istəyir.

Eyni zamanda, fikrimcə, prezidentin bu addımı islahatları dərinləşdirmək, hökumətin tərkibində yenilənmələrə getmək, parlamenti buraxmaq və güvəndiyi kadrları iş başına gətirmək niyyətindən qaynaqlanır. Yəni növbədənkənar prezident seçkilərinin təyin edilməsində əsas məqsəd islahatların genişləndirilməsidir. Bu əlbəttə, çox gözəl addımdır.

Həmçinin İlham Əliyevin yüksək peşəkarlıqla həyata keçirdiyi xarici siyasətinin bəhrələrini də hər kəs gördü. ABŞ rəsmilərinin Bakıya son səfəri bunun göstəricilərindən biridir. İlham Əliyevin yenidən seçilməsi daxili siyasətdə ciddi dəyişikliklərə gedilməsi üçün də əsaslı zəmin yaradacaq”.

Nəsimi Ələsgərli

COP29