İslam dinində multikultralizm ənənələri – araşdırma

img_3923Tarix boyu yer üzünün hər bölgəsində müxtəlif mədəniyyətlər mövcud olub, bu mədəniyyətlər bir-biriləri ilə sosial və qarşılıqlı anlaşma baxımından əlaqələr qurmuşdur. Bu mədəniyyətlərin xalqlar və toplumlar arasında qarşılıqlı yerdəyişmələri də baş vermişdir. Hər irq, hər millət ayrı bir mədəniyyətə sahibdir. Hər mədəniyyətin müxtəlif xüsusiyyəti var və qarşılıqlı anlaşma, tolerantlıq içərisində uzlaşmaq çərçivəsində insanlar hər mədəniyyətdən müxtəlif şeylər qazanırlar.

İslam dini də müxtəlif baxışların və mədəniyyətlərin yanaşı yaşaya bilməsini inkar etmir, eyni zamanda müxtəlifliyi təqdir edir. İslam dininin insanların uzaq durmasını tövsiyə etdiyi anlayış Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmadan bütün dinlər və mədəniyyətlərlə qarşılıqlı əlaqənin qurulması, multikultural ənənənin yayılması İslamın qarşı çıxmadığı məsələlər sırasındadır. Bu baxımdan Allah-Təala buyurur:

“(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”” (“Ənam” surəsi, ayə 161).

Müsəlmanların iman gətirdiyi Kitabda başqa dinlərin təmsilçiləri ilə bağlı bir çox ayələr yer alır. Bu ayələrin əksəriyyəti həmin dinlərin mənsublarını xor görmədən yaşamağı tövsiyə edir. Quranda adı keçən dinlərin təmsilçiləri Musəvilər (yəhudilik dininə inananlar) və xristianlardır. Quranda Musəvilər və xristianlar “Kitab əhli” olaraq adlandırılır. Bunun səbəbi hər iki dinin mənsublarının Allahın vəhy etdiyi ilahi kitablara tabe olmalarıdır. İslamın Kitab əhlinə qarşı baxışı isə son dərəcə ədalətli və mərhəmətlidir.

Allah Qurani-Kərimdə buyurur: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik”, – deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir” (“Maidə” surəsi, ayə 82).

Qurandan öyrəndiyimiz başqa bir həqiqət müsəlmanların musəvi (yəhudilik) və xristianların ibadət yerlərinə son dərəcə sayğı ilə yanaşmağın vacibliyidir. Quranda Kitab əhlinin ibadət yerləri olan monastrlar, kilsə və sineqoqların da Allahın qoruduğu ibadət məkanları olduğu bildirilir:

“…Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (“Həcc” surəsi, ayə 40).

Bu ayədən göründüyü kimi, Allah başqa dinlərin mənsublarının öz inanc və dünyagörüşünün xor görülməməsini tövsiyə edir. Bu ayə hər müsəlmana Əhli kitabın məbədlərinə sayğı ilə davranmağın və bu məbədəri qorumağın əhəmiyyətini göstərir. Bu ilahi hikmət xalqlar, başqa din mənsublarının multikultural ənənələrinin İslam toplumu içində yaşaya bilməsinin mümkünlüyü ilə yanaşı, bu dəyərlərin qorumağı insanlıq haqqı olaraq bəyan edir.

Həqiqətdə Allah Quranda müsəlmanlar heç bir qövmə qarşı düşmənlik bəsləməməyi əmr etmişdir. Bir çox ayədə müşriklərə qarşı da ədalətli olmaq əmr edilməkdədir. Müşriklərə hər zaman müsəlmanlar ədalətlə davranmış, onların qorunmaq və himayə tələbləri Allah Rəsulu Hz. Məhəmməd (s) tərəfindən qəbul edilmişdir.

“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” (“Tövbə” surəsi, ayə 6).

Xristianlar və müsəlmanların inancları bir çox yöndən müştərəkdir. Eyni şəkildə musəvilik də İslamla da bir çox ortaq inancı paylaşmaqdadır. Allah Quranda müsəlmanların Kitab əhli ilə Allaha imanda birləşdiyini “…Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (“Ənkəbut” surəsi, ayə 46) ayəsiylə bildirir.

Bütün din və fəlsəfələr “həqiqət” axtarışının bir nəticəsi olaraq ortaya çıxmışdır. Təbii olaraq, hamısı da “mütləq həqiqət”i açıqladığına inanarlar. Lakin bu açıqlanan dünyagörüşlərin hamısının birdən mütləq həqiqət olmasına imkan yoxdur. Fəqət heç bir cərəyan iddiasından geri çəkilməz. Bu durumda çoxmədəniyyətlilik və fərqli mədəniyyətlərin birlikdə yaşamasına imkan varmı?

Bu modelin cavabı olaraq, filosoflar dini plüralizm modelini ortaya qoyurlar. Dini plüralizm multikultural ənənələrin bərabər yaşamasına imkanlar açır. Allahın Qurani-Kərimdə buyurduğu kimi, “Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”” (“Kafirun” surəsi, ayə 6) yaşamaq müsəlman olanın başqa mədəniyyətlərə sayğı ilə yanaşmanı tövsiyə edir, digər dinlərin təmsilçiləri və inanclı olmayanlar da insanların inancına dözümlü davranmağa borcludur.

Bu modelin təlqin etdiyi baxış hər bir dinin və ya fəlsəfənin digərlərindən asılı olmadan qurtuluşa yetirə biləcəyinin mövcudluğunu tanımaqdır. Bu anlayışlar var olduqca çoxmədəniyyətlilik ənənələrinin daşıyıcılarının bərabər yaşamasında heç bir problem olmayacaq.

Rəsul Mirhəşimli

Bu məqalə “Konstitusiya” Araşdırmalar Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “”Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun təbliği” layihəsi çərçivəsində dərc olunur.

COP29