Üçüncü ixtisas qrupu üzrə imtahan verən və İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər avqustun 1‑dək http://eservices.dim.gov.az/erizebak/dpk/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Azərbaycan İlahiyyat İnstitutundan Yenicag.az-a bildiriblər ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərinə (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) uyğun olduqları halda müsahibəyə buraxılırlar.
Yüksək ixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçəcəklər.
Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İnstitutun əməkdaşları daxil edilib.
Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, “İslamşünaslıq” ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti qiymətləndiriləcək.
Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. Boş qalan yerlərə qeydiyyat isə 15-16 avqust tarixlərində aparılacaq. İlk imtahan 1-6 avqust, boş qalan yerlərə imtahan isə 17-20 avqustda saat 09:00-dan başlayaraq Bakı şəhəri, Əhməd Cəmil, 41a ünvanında – Bakı Dövlət Universitetinin keçmiş ilahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.