İsmayıllı rayonunda iki nəfərin ölümü, iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 172-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb.
Xırdalan şəhər sakini 1979-cu il təvəllüdlü Behbudov Rövşən Ələkbər oğluna məxsus 90-LJ-285 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili qarşı tərəfdən gələn Ağsu rayonu Nəmirli kənd sakini, 1980-ci il təvəllüdlü Osmanov Anar Tarix oğlunun idarə etdiyi 10-PN-847 dövlət nömrə nişanlı “NİVA” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avtomobillərdəki sərnişinlər, Ağsu rayon sakini, 1967-ci il təvəllüdlü Məmmədov Əhməd Heybət oğlu və Oğuz rayon sakini, 1958-ci il təvəllüdlü Əliyev Rasim Əlibala oğlu zərbənin təsiri nəticəsində aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Həkimlərin səyi nəticəsində yaralıların həyatı xilas edilib. Hazırda onların vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (Apa)