İsmayıllıda kütləvi zəhərlənmə – 33 nəfər xəstəxanaya müraciət etdi – Cinayət işi açıldı/YENİLƏNDİ

Avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbə sakini Müşfiq Hüseynov yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Yenicag.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

***

10:45

İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, səhər saat 9:30-a olan məlumata əsasən, hazırda xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsini davam etdirir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir:

“Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, İsmayıllının Qəzili kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər”.

***

10:05

İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 30 nəfər müraciət edib.

Xəstəxanadan bildirilib ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 26 nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb.

Hazırda xəstəxanada 4 nəfər müalicə alır ki, onlardan 2-si azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, avqustun 27-də axşam saatlarında İsmayıllı rayonunun Qəzili kəndində kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirilən kiçik toy məclisində zəhərlənmə olub. Ziyafət iştirakçılarından bir qisminin səhhəti pisləşib və onlar xəstəxanaya müraciət ediblər.