İsmayıllıda nəvə baba və nənəsini öldürdü – Qardaşının evini yandırdı

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb. İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.