Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat veriblər.
Bildirilib ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir.
Prezident İlham Əliyev müəssisəni işə salıb.