İsmayıllı turizmin inkişaf etdirilməsi baxımından çox əlverişli bir ərazidə yerləşir.
Rayonun təbiəti, heyvanat aləmi çox zəngindir. Ərazisindən Girdiman, Ax-ox və Göyçay çayları axır. Qalacıq, Cülyan, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsünkar şəlalələr, dağlıq ərazidə təbii göllər, Kürdmaşı və Aşıqbayram kəndləri yaxınlığında irihəcmli sututarları mövcuddur. Zərgaran kəndi yaxınlığındakı “Bədo” adlanan yerdə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında çoxsaylı müalicəvi əhəmiyyətli sular var.
Lahıc və Basqal qəsəbələrində çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda aparılan tikintilər xalqımızın qədim memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Yüksək estetik dəyərlərə malik, milli-mənəvi irsimizə və tarixi keçmişimizə dərin hörmət hissi oyadan bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir.
Bütün bunlar rayonda ovçuluq, balıqçılıq, alpinizm və digər sahələr üzrə turizmin inkişafına, yerli və xarici turistlərin rayona axınının sürətlənməsinə şərait yaradır.
İsmayıllı Turizm İnformasiya Mərkəzindən Azərtac-ın bölgə müxbirinə bildirilib ki, bütün bu amillər nəzərə alınmaqla İsmayıllıda turizmin daha da inkişaf etdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Son illərdə İsmayıllı şəhərində, Lahıc, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilib, yeni turizm marşrutları müəyyənləşdirilib. Hazırda rayonda 32 istirahət mərkəzi var. Rayon mərkəzində yeni otel tikilir.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, habelə yaşayış məntəqələrində daxili yollarının təmiri və yenidən qurulması bölgələrimizdə həm də turizmin inkişafına güclü təkan verir. İsmayıllının Lahıc qəsəbəsi ilə Şamaxının Dəmirçi kəndini birləşdirən yeni yol da bu baxımdan əhəmiyyətlidir.
Təsadüfi deyil ki, son illər rayona gələn turistlərin sayı artır. Təkcə keçən il İsmayıllıya 105 min 823 turist gəlib. Bu, 2017-ci ildəki göstəricidən 1278 nəfər çoxdur. Bölgəyə gələn xarici turistlərin də sayı artır. Ötən il İsmayıllıya gələn turistlərin 14 min 635 nəfəri xarici turistlər olub. Bu, inişilki göstəricidən 514 nəfər çoxdur.