!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İspaniya La Liqası: Ronaldosuz "Real", tək qalan Messi

!Reklam – Yazi

Rəngarəngliyi ilə dünya futbolunun bəzəklərindən olan İspaniya La Liqasında 2018/2019 mövsümünün həyəcanı davam edir.

Yenicag.az xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, yeni mövümdə də çempionluq yarışının əzəli və əbədi rəqiblər olan “Real”la “Barselona” arasında keçəcəyi heç kimdə şübhə doğurmur.

Hər halda geridə qalan 3 turda maksimum nəticə göstərən “El Klasiko” iştirakçıları artıq indidən öz ağırlıqlarını ortaya qoymağı bacarıblar.

Baxmayaraq ki, “Real”ın cari mövsümdə uğurlu çıxış etməyəcəyini düşünənlər də var. Belə hesab edilir ki, Zinəddin Zidandan sonra Kriştiano Ronaldonun da “kral klubu”ndan ayrılması nəticəsində yaranan boşluğu doldurmaq çətin olacaq və bu komandaya mənfi təsir göstərəcək.

Lakin, İspaniya millisindən ayrılaraq “Real”a başçılıq etməyə razılaşan Xulen Lopeteqi hələ ki, inamlıdır. O, geridə qalan turlar ərzində “Real” kimi ulduzlar dolu komandanın bir futbolçudan asılı olmadığını isbatlamağı bacarıb. Bunun davamını gətirmək üçün isə mövsümü major notlarda başa vurmaq lazımdır. Hər halda 51 yaşlı mütəxəssis üçün Zidanın “Real”la qazandığı uğurları təkrarlamaq heç də asan olmayacaq. O da yaxşı başa düşür ki, belə komandaya təkcə ölkə daxilində yox, həm də xaricində qazanılan uğur yaraşar. Məsələn, Zidanın 3 dəfə Çempionlar Liqasının qalibi olması kimi…

Ernesto Valverde isə “Barselona” ilə ən azı ötən mövsümkü uğuru təkrarlamağa çalışacaq. Kataloniya təmsilçisinə 25-ci çempionluğu qazandıran ispaniyalı mütəxəssisin şansları yüksək qiymətləndirilir. Hər halda Lionel Messi kimi silahı olan 54 yaşlı mütəxəssis “El Klasiko”larda Xulen Lopeteqidən daha üstün durumda olacaq. Onsuz da La Liqada çempionluqların taleyini bəzən məhz “El Klasiko”lar həll edir.

Bu yolda “Real” və “Barselona”ya baş ağrısı ola biləcək tək-tük komandalardan biri də Madrid “Atletiko”sudur. Lakin hələlik Dieqo Simoenenin komandası öz ağırlığını ortaya qoya bilməyib. 3 turdan sonra aktivində 4 xal olan madridlilərin tezliklə toparlanacağı gözlənilir. İlk altı sıranın daimi sakinlərindən olan “Valensiya”, “Sevilya”, “Vilyareal” da mövsümə istədikləri kimi başlamayanlar sırasındadır.

Təbii ki, marafon yeni başladığından indidən çempionluq barədə danışmaq çox tezdir. Bəzən komandalar mövsümə uğurlu başlasa da, sonradan ardıcıl məğlubiyyətlərlə qara zolağa düşürlər. Və bəzən də bu, əksinə olur. İstənilən halda kimin nəyə qadir olduğunu qış fasiləsinə qədər biləcəyik. Hələlik görünən kəndə bələdçi tələb etməyən komanda “Rayo Valekano”dur. 3 turdan sonra aktivində xalı olmayan komandanın gəldiyi yerə – Sequndaya qayıdacağı ehtimal olunur. Lakin madridlilər növbəti turlarda yüksələn qrafiklə çıxış edib proqnozları alt-üst edə bilərlər. Nəzərə alaq ki, bu, futboldur və bu idman növündə 100 faizli heç nə yoxdur.

Emin Səfərov

www.yenicag.az

1263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv