İsrail bir neçə günə İrana hücum edəcək – Pol Qobldan sensasion AÇIQLAMA

 

“Düşünürəm ki, İsrail bir neçə gün ərzində İrana hücum edəcək, lakin Təl-Əviv Tehranın yaxın gələcəkdə nüvə silahı əldə etməsinin qarşısını almağın yeganə yolunun bu olduğuna inanmasa, nüvə obyektlərinə zərbə endirməyəcək.

Bu sözləri Yenicag.az-a açıqlamasında amerikalı siyasi ekspert Pol Qobl deyib.

O, İsrailin İranın Nətənz şəhərindəki yeraltı nüvə obyektlərinə hücum etməsi ilə bağlı yaranmış situasiyanı şərh edib.

Onun fikrincə, İsrailin bu addımları bir neçə əsas məqsədi güdür:

“Ən mühümü, İranın nüvə proqramının inkişafını əngəlləməkdir. İsrail uzun illərdir ki, İranın nüvə silahına sahib olma təhlükəsini öz milli təhlükəsizliyi üçün ən böyük təhdid kimi görür və bu, onun qlobal səviyyədə fəal siyasət yürütməsinə səbəb olur. İranın nüvə potensialının inkişafı, Yaxın Şərqdə güc balansını İsrailin əleyhinə dəyişə bilər. Bu isə ölkəni ciddi təhlükəsizlik riskləri ilə üz-üzə qoyur”.

Ekspert vurğulayıb ki, İsrailin bu zərbələri İranın nüvə obyektlərinə yönəlmiş preventiv (önləyici) hücum strategiyasının bir hissəsidir:

“Bu strategiya, potensial təhlükəni İsrail sərhədlərinə çatmadan aradan qaldırmağa yönəlmişdir. İranın nüvə obyektlərinə edilən hücumlar isə İranın bu sahədə əldə etdiyi irəliləyişləri geriyə atmaq məqsədi daşıyır və nüvə silahı hazırlamasının qarşısını almaq üçün edilən cəhdlərin tərkib hissəsidir”.

Eyni zamanda, P.Qobl qeyd edib ki, İsrailin hərbi zərbələri geniş geosiyasi kontekstə malikdir:

“İsrail yalnız hərbi zərbələr endirmir, eyni zamanda, İranın bölgədə artan təsirini məhdudlaşdırmağa çalışır. İranın həm öz ərazisində, həm də Suriyada və Livandakı müttəfiqləri. Daha dəqiq desək proksi gücləri vasitəsilə hərbi bazalar qurması İsrail üçün ciddi narahatlıq yaradır. Buna görə də İranın nüvə proqramının məhv edilməsi İsrailin Yaxın Şərqdə öz mövqeyini gücləndirmək üçün geniş strateji təzyiq vasitəsi kimi də çıxış edir”.

Analitikin şərhində başqa bir mühüm aspekt isə ABŞ və Qərb dövlətləri ilə əlaqələrin İsrailin zərbələrinə olan təsiri ilə bağlıdır. O əlavə edib ki, İsrail öz zərbələrini beynəlxalq arenada legitimləşdirmək üçün Qərb müttəfiqləri ilə koordinasiyaya çalışır:

“ABŞ, xüsusilə də İranın nüvə proqramını dayandırmaq məqsədilə sanksiyalar və danışıqlar yolu ilə təzyiq göstərir. İsrail isə bu proseslərə hərbi müdaxilə ilə dəstək verir. Fikrimcə, İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr regional təhlükəsizlik və geosiyasi güc balansını yenidən formalaşdırmağa yönəlmiş strateji bir addımdır. İsrail bu zərbələrlə İranın nüvə potensialını zərərsizləşdirməyə, həmçinin öz sərhədlərini və maraqlarını qorumağa çalışır”.

Rafi Müslümov

COP29