“İsrailin bir neçə hava hücumu ilə husiləri tamamilə sıradan çıxarması çətin görünür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib.
O, Ərəbistan dənizi və Bab əl-Məndəb boğazında husilərin İsrail gəmilərinə hücumları bərpa edəcəyinə dair açıqlamalarına münasibət bildirib.
Mütəxəssisin sözlərinə görə, İsrail husiləri zəiflədə bilər, amma sıradan çıxara bilməz:
“İsrailin husilərə qarşı genişmiqyaslı birbaşa hərbi əməliyyat aparması ehtimalı bir neçə faktorla bağlıdır. İsrail uzaqməsafəli zərbələr endirmək üçün kifayət qədər inkişaf etmiş hava qüvvələrinə və raket texnologiyasına sahibdir. Lakin Yəməndəki husilər dağlıq ərazilərdə möhkəmlənmiş və İran tərəfindən dəstəklənən qrupdur. Onların uzaqmənzilli dron və raket sistemləri var. Belə bir mühitdə İsrailin bir neçə hava hücumu ilə husiləri tamamilə sıradan çıxarması çətin görünür. Lakin husiləri kifayət qədər zəiflədə bilər”.
“Eyni zamanda, İsrailin husilərə qarşı birbaşa hücumu müəyyən geosiyasi faktorlardan da asılıdır. Bu mənada, ABŞ və Qərbin mövqeyi vacibdir. ABŞ artıq Qırmızı dənizdəki hücumlara cavab olaraq husilərə zərbələr endirib. İsrailin ayrıca addım atması Vaşinqtonla koordinasiyalı və ya müstəqil şəkildə ola bilər”, – deyə o, əlavə edib.
V. Zifəroğlu bu münaqişədə Səudiyyə Ərəbistanın da rolunu qeyd edib:
“Prosesdə Səudiyyə Ərəbistanının da rolu nəzərə alınmalıdır. Ər-Riyad uzun müddətdir husilərlə münaqişədədir və son illərdə gərginliyi azaltmağa və dialoq qurmağa çalışır. İsrail husilərə müəyyən zərbələr endirə bilər, lakin onları tez bir zamanda tamamilə sıradan çıxarmaq çətin olacaq. Əgər İsrail təkbaşına genişmiqyaslı hücum edərsə, bu, Yaxın Şərqdə gərginliyi daha da artıracaq. Əsas ssenari isə ABŞ və müttəfiqlərin dəstəyi ilə məhdud hərbi zərbələrin endirilməsidir”.
Yenicag.az