İsrail hökumətində həyəcan vəziyyəti: Netanyahu üçün yeraltı sığınacaq hazırlandı

İsrailin daxili məxfi xidməti Şin Betin Qüdsdəki yeraltı sığınacağı baş nazir Netanyahu və digər yüksək vəzifəli şəxslər üçün İran və “Hizbullah”ın qisas hücumlarına qarşı hazırlayıb.

Yenicag.az xəbər verir ki, komanda və idarəetmə mərkəzlərinin yerləşdiyi sığınacaq ciddi İran təhlükəsi zamanı istifadə olunacaq.

Təxminən 20 il əvvəl tikilən sığınacağın İran silahlarının zərbələrinə davamlı olduğu, komanda və idarəetmə qabiliyyətinə malik olduğu və Müdafiə Nazirliyinin Tel-Əvivdəki qərargahına bağlı olduğu bildirilib.

Milli İdarəetmə Mərkəzi kimi də tanınan bunkerdən İsrailin Qəzzaya hücumu zamanı son 10 ay ərzində heç istifadə olunmayıb. Hər hansı bir hücum təhlükəsi olarsa, sığınacaqdan Qəzza müharibəsindən sonra ilk dəfə istifadə ediləcəyi bildirilir.

2006-cı ildə İsrail-Livan müharibəsindən sonra qurulan sığınacağın dəqiq yeri və ya dərinliyi məlum deyil.

“Times of Israel” qəzetinin yazdığına görə, yüzlərlə insan tutumuna malik olan sığınacaq, lazım gələrsə, mülki vətəndaşların müdafiəsi üçün də istifadə oluna bilər.

İran bundan əvvəl cavab hücumu çərçivəsində İsrailə 300 pilotsuz təyyarə və raket atmışdı. “Times of Israel” qəzetinin xəbərində bu hücumda Qüdsdəki sığınacaqdan belə istifadə edilmədiyinə diqqət çəkilsə də, “İstifadəyə hazır vəziyyətə salınması İran və Hizbullahdan gələn təhlükənin nə qədər ciddi olduğunu göstərdiyi” yazılıb.

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrail və ABŞ mümkün hücumlara qarşı hazır vəziyyətdədir.

Amerika mediası “Axios” ABŞ dövlət katibi Antoni Blinkenə istinadən İran və “Hizbullah”ın 24-48 saat ərzində İsrailə hücum edə biləcəyini bildirib.

Nəsimi Ələsgərli

COP29