İsrail-İran gərginliyində mühüm DETAL – “Dirijorluğu ABŞ edir”

“ABŞ-nin İran və İsrail dövlətləri ilə yaxşı kanalları var və bu kanallar vasitəsilə ABŞ bir növ dirijorluq edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, ABŞ-nin İran və İsrailə təsiri çox böyükdür.

“İran-ABŞ münasibətləri soyuq görünsə, onlar düşmən kimi qələmə verilsələr də bütövlükdə ABŞ-inn İran dövlətçiliyi, İranın sərhədləri ilə bağlı münasibəti bəzən kənardan görülən kimi deyil. Hər bir halda, bu gün səhər saatlarında İsrail raketlərinin yenidən İrana tuşlanması, İranın İsraillə bağlı verdiyi bəyanat, bundan əvvəl və bundan sonra olacaqlar bunu göstərir ki, yaxın Şərqdəki vəziyyət gərgindir. Bundan sonrakı vəziyyət atılan addımlarla bağlıdır”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, İsrail ötən ilin oktyabrından başlayaraq, ciddi şəkildə öz dövlətinin kənarlarında müəyyən dəyişikliklər etməklə məşğuldur.

“Hətta o, İrana qədər olan böyük bir coğrafiyada da hansısa yoldan yeni xətlərin çəkilməsi ilə məşğul ola bilər”, – deyə o qeyd edib.

Politoloq İran-İsrail münasibətlərinin Azərbaycana ola biləcək təsirlərindən də danışıb:

“Azərbaycanın İsraillə olan münasibətləri hərbi-siyasi cəhətdən çox yüksəkdir, bu münasibətlər rəsmi Bakı üçün çox önəmli olub. Çünki Azərbaycan qonşu ölkələr arasında olan münasibəti həmişə qoruyub-saxlamağa çalışıb.

Əlbəttə ki, Azərbaycan üçün regionda böyük müharibə lazım deyil. Çünki böyük müharibələr böyük ziddiyyətlərə və qeyri-sabitliyə gətirib çıxarda bilər.
Ümumiyyətlə, bütün dünyada sabitliyin vaxtı gəlib çatır, müharibələrə son qoyulmalıdır və dünya diplomatik yollarla ziddiyyətləri həll etməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29