İsrail ordusunu quru əməliyyatından çəkindirən FAKTOR: “Əsas hədəflər sıradan çıxarılmadan…”

“Tel-Əviv total quru əməliyyatlarına başladıqdan sonra mümkün itkilərin sayını azaltmaq üçün əlavə tədbirlərə ehtiyac duyur”.

Bu fikirləri İsrailin HƏMAS-a qarşı elan etdiyi genişmiqyaslı quru əməliyyatının hələ də başlamasının səbəblərini şərh edən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmovun fikrincə, İsrail ordusu quru əməliyyatlarına daha öncə elan etdiyi istiqamətlərdən yox, başqa ərazilərdən başlayacaq:

“İsrailin HƏMAS-a aid təhlükəli saydığı hədəflərə davamlı zərbələr endirməyinə baxmayaraq, hələ ki quru əməliyyatlarına başlamaqda çətinlik çəkir. İsrail rəsmiləri bəyanat vermişdilər ki, quru əməliyyatları 3 istiqamətdən başlayacaq. Lakin aradan müəyyən müddət keçsə də, quru əməliyyatının keçirilməsi ləngiyir, yaxud ləngidilir.

Yaranmış şəraitdə İsrail əsasən, kəşfiyyat xarakterli lokal əməliyyatlara üstünlük verir. Ancaq qeyd olunmalıdır ki, İsrail total şəkildə olmasa da, bəzi ərazilərdə və kiçik miqyasda quru əməliyyatları keçirir.

Görünür, İsrail Müdafiə Nazirliyi total quru əməliyyatlarına başladıqdan sonra mümkün itkilərin sayını azaltmaq üçün əlavə tədbirlərə ehtiyac duyur. O baxımdan, indiki ərəfədə İsrailin daha çox hava hücumlarından istifadə etməsi təbiidir.

Güman edirəm ki, İsrail ordusu HƏMAS-ın əsas hədəflərini sıradan çıxardıqdan sonra yaxın vaxtlarda əvvəl göstərdiyi üç istiqamətdən yox, tam başqa istiqamətdən quru əməliyyatına başlayacaq”.

Səxavət Məmməd

COP29