“Avropada antisemitizmin güclənməsi İsrailin təcavüzkar siyasətini davam etdirməsinin nəticəsidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa İttifaqı (Aİ) ölkələrinin ABŞ-ın İrana qarşı planlarını neytrallaşdırmaq cəhdlərini şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, Aİ ölkələri İranı ABŞ-ın təzyiqlərindən qorumaqla, əslində, öz maraqlarının qayğısına qalırlar:
“İrana qarşı sanksiyaların gücləndirilməsi tək ABŞ-ın yox, həm də onu bu addımlara təhrik edən İsrailin işləridir. Yəni bu məsələlərdə İsrailin təsiri şübhəsizdir. İsrail hər vəchlə İranın zəiflədilərək sıradan çıxarılmasına çalışır.
Avropa İttifaqının ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların neytrallaşdırılmasına cəhd göstərməsi haradasa təbiidir. Belə ki, Avropa dövlətləri bununla öz iqtisadi maraqlarını qorumağa çalışırlar.
Çünki İran kifayət qədər geniş bazara, nəhəng neft-qaz ehtiyatlarına malikdir. Avropa şirkətləri isə ABŞ və İsrail belə istəyir deyə, İran bazarında əldə edə biləcəkləri paydan məhrum olmağı düşünmürlər. Ona görə də, mümkün olduğu qədər İranı dəstəkləyirlər.
Avropada da başa düşürlər ki, İranın hədəfə alınması İsrailin maraqlarına xidmət edir. Ümumiyyətlə, İsrail öz avantüraları ilə Avropanı da boğaza yığıb. Avropada antisemitizmin güclənməsi də məhz İsrailin təcavüzkar siyasətini davam etdirməsinin nəticəsidir.
Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı müqayisədə ABŞ iqtisadiyyatından güclüdür. Lakin Avropanın ABŞ-dan siyasi, həmçinin hərbi-təhlükəsizlik səhələrində asılılığı onları qəti addımlar atmaqdan çəkindirir. Bununla belə, gördüyünüz kimi, Avropa zərurət yarananda öz maraqlarını əsas götürərək, ABŞ-ın qərarlarına etiraz edə bilir”.
Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin maliyyə nazirlərinin toplantısında İranın SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılmasına dair qərarın dəyişdirilməsi üçün ABŞ administrasiyasına müraciət olunmasında razılığa gəliblər.
A.Zeynalov