İsrail şokda: 5 yəhudi İrandan sığınacaq istəyib

“Lev Tahor” ultrapravoslav yəhudi təriqətinin 5 üzvü sığınacaq üçün İrana müraciət edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı “Times of İsrael” nəşri yayıb.

Məlumata görə, sentyabrın 19-da ABŞ Federal Məhkəməsinə təqdim edilən bəzi sənədlərlə birlikdə “Lev Tahor” adlı yəhudi pravoslav təriqətinə mənsub 5 yəhudinin sığınacaq xahişi ilə İrana müraciət etdikləri üzə çıxıb.

Pravoslav yəhudilərə məxsus “Yeshiva World News” saytının yazdığına görə, müraciət edənlər İranın dini liderinə və hökumətinə sadiq olacaqlarını bildiriblər. Onlar həmçinin “yəhudilərin sionizmdən xilas edilmələrinə” yardım göstərəcəklərini yazıblar.

“The New Arab”ın əldə etdiyi məlumata görə, sözügedən təriqətin 5 üzvü ABŞ-da adam oğurluğu, uşaq istismarı və şəxsiyyət vəsiqələri oğurluğunda təqsirləndirilirlər.

Təriqətçilər bu müraciəti Meksikada olarkən göndəriblər, bundan bir ay sonra isə həbs edilərək ABŞ-a gətiriliblər.

Firuzə Alimova

COP29