“Yaxın Şərqdə artıq nüfuz savaşı artıb başlayıb. Yəni Yaxın Şərqdə yeni nizam yaratmağa cəhd göstərirlər ki, burada da İsrail üstünlüyü ələ keçirməyə çalışır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Elçin Xalidbəyli deyib.
Politoloq ötən həftə İsrailin İranı vurmasından sonra yəhudi dövlətinin analoji addımı təkrar edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Onun sözlərinə görə, İsrailin burada əsas rəqibi İran olduğu üçün Təl-Əviv əvvəlcə burada Tehranın proksi qüvvələrini sıradan çıxarmağa çalışdı, indi də qarşıdurmanın gərginləşdirilməsi istiqamətində addımlar atılır:
“Bu baxımdan, böyük ehtimalla, sözügedən proses daha çox növbəli xarakter daşıya bilər. Yəni İsrail İrana zərbə endirir, ardınca da İran analoji addımı atır. Qısacası, tərəflərdən hansısa birinin geri çəkilməsinə qədər bu proses davam edə bilər”.
E.Xalidbəylinin fikrincə, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra bir çox məsələlər aydınlaşmağa başlayacaq:
“Çünki ABŞ-də Yaxın Şərqdə baş verənlərdən məmnun olanlarla yanaşı, eyni zamanda, bunları yolverilməz hesab edənlər də kifayət qədərdir. Mənə elə gəlir ki. Yaxın Şərqdə baş verənlərin sonrakı inkişaf istiqamətləri ABŞ-dəki prezident seçkilərinin nəticələri məlum olandan sonra dəqiqləşməyə başlayacaq”.
Xatırladaq ki, İsrailin “Kanal 13” telekanalı məlumat yayıb ki, İsrail Hərbi Hava Qüvvələri İranda növbəti hərbi əməliyyat keçirməyə məcbur olacaq. Məlumata görə, İrana qarşı hər hansı növbəti hücum dövlət obyektlərinə və infrastruktura yönələcək. Bundan əlavə, bildirilib ki, İranın nüvə obyektlərinə yeni hücumlar olmayacaq.
Rafi Müslümov