İsrailə gözlənilən raket HÜCUMU: “Qarşısını ala bilməyəcəklər”

“Nə İsrail, nə də ona kömək edən dövlətlər İranın raket hücumunun qarşısını ala bilməyəcək”.

Bu fikri İran və İsrailin savaş bəyanatları verməsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, İranın raket hücumu bir çox ölkələri təəccübləndirib.

“İran sonuncu raket hücumu ilə bağlı böyük dövlətləri və onların kəşfiyyat orqanlarını yenidən düşünməyə vadar etdi. İngiltərə mətbuatı kəşfiyyat orqanlarına istinadən yazırdı ki, İranın raket qurğusu var. Ancaq bu hücumda İsrail tərəfinin etiraf etdiyinə görə, 181 (ümumilikdə 200-dən çox raket) hədəflərə çatdı. Bildirildiyinə görə, bu heç də son deyil. İranın təkcə bir bölgədən 200-dən çox eyni vaxtda raket atmaq üçün qurğuları var”, – deyə o bildirib.

Raketlərin hansı ərazilərdən atıla biləcəyinə diqqət çəkən ekspert qeyd edib ki, onlar Suriya və atıla bilir.

“Bundan əlavə, HƏMAS-ın da xarabalıqdan raketlər atması onu göstərir ki, HƏMAS da tam şəkildə məğlub olmayıb. O cümlədən də Livandan “Hizbullah”. Husiləri də qeyd etmək lazımdır. İranın ərazisi ciddi şəkildə vurulacaqsa, bunun cavabı çox ağır olacaq. Nə İsrail, nə də ona kömək edən dövlətlər İranın raket hücumunun qarşısını ala bilməyəcək.

Düşünürəm ki, ABŞ ən azı seçkilərə qədər İsrailin hücum etməsinin qarşısını almağa çalışır. Netanyahu hakimiyyəti öz simasını qorumaq üçün hansısa addımlar atacaq. Ancaq İranın atom və digər mərkəzlərinin vurulmasını gözləmirəm. Əgər bu olacaqsa, İranın da cavabı olacaq”, – deyə o vurğulayıb.

Səxavət Məmməd

COP29