İsrail Hərbi Hava Qüvvələrinin raketinin Suriya paytaxtının qərbində, İran səfirliyi və konsulluğunun yerləşdiyi Mezze məhəlləsini vurması nəticəsində azı 6 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, raketlərdən biri Livan və Fələstin təşkilatlarının nümayəndələri ilə görüşlər üçün istifadə edilən villaya düşüb. İran səfiri hadisə yerində olub, lakin xəsarət almayıb.
İranın diplomatik missiya kompleksinin yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi məsləhətçilərinin yaşadığı villalar var. “Al Hadath” hücumun hədəfinin Suriyada yerləşən İran zabitlərindən biri ola biləcəyini ehtimal edir.
Xatırladaq ki, yanvarın 20-də eyni şəraitdə İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusuf Omid Zadə Dəməşqdə öldürülüb. Daha sonra hücumda 3 təyyarə iştirak edib, məsləhətçilərin yaşadığı dördmərtəbəli ev tamamilə dağıdılıb./AZƏRTAC/