İsrailin ABŞ və İranı müharibəyə cəlb etmək cəhdi: “Bu ölkəni viran edəcəklər”

 

“İsrail “Hizbullah”ı sıradan çıxarsa, artıq məsələni tam bitirmiş sayılacaq”.

Bu fikri Yaxın Şərqdə baş verən proseslər, İsrailin ABŞ və İranı müharibəyə cəlb etmək cəhdlərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, İsraili müqavimət göstərə biləcək tək ölkə İran qalıb:

“İsrail ABŞ-nin köməkliyi ilə Fələstin torpaqlarını işğal edib, beynəlxalq hüququ köbud şəkildə pozaraq onu ilhaq edib, bütün dünyadakı yəhudiləri ilhaq etdiyi torpaqlara yığır. Fələstin xalqı əzilib, məzlum xalqdır. Dünya mediası Qərbin əlindədir. Müqavimət göstərmək istəyənləri terrorçu adlandırırlar. Bir tərəfdə inkişaf etmiş İsrail dövləti, digər tərəfdə isə kasıb, məzlum fələstinlilər. İsrailin hətta nüvə silahı var. Müsəlman dünyası Fələstini müdafiə etməkdən imtina edib. Fələstini müdafiə edən bütün ərəb dövlətlərini sırdan çıxardılar. Hazırda Fələstini müdafiə edə biləcək, müqavimət göstərə biləcək yalnız İran qalıb. Türkiyə heç nə edə bilməz, çünki Türkiyə Qərbin bir hissəsidir. Ona görə də, İranı vurmaq istəyirlər. İran İsrailə müqavimət göstərə biləcək qüvvələri təşkilatlandırıb, silahlandırıb.

HƏMAS-ın İsrailə hücumu çox gözəl təşkil olunmuşdu. Qəzza zolağında elə bir təhlükəsizlik sistemi qurulmuşdu ki, quş uçsaydı, keçə bilməzdi. Ancaq necə oldusa, HƏMAS döyüşçüləri keçdilər. İnsanları öldürdülər, zorladılar və bunlar hamısı çəkildi, internetə qoyuldu. Bütün dünya fələstinliləri terrorçu adlandırmağa başladı. İsrail 41 mindən çox insanı öldürüb. Bundan əlavə, İsrail Misirdən tələb edir ki, sərhədi açsın və fələstinlilər köçüb getsin. Fələstinliləri vətənsiz bir xalqa çevirmək istəyirlər.

İsrail indi görür ki, informasiya müharibəsində uduzur. Əvvəllər insanlar yəhudilərə rəğbət bəsləyirdilərsə, indi əksini düşünürlər. Belə olan halda, İsrail istəyir ki, məsələni birdəfəlik həll etsin. Ona qarşı ən güclü müqavimət göstərən qüvvə “Hizbullah”dır. “Hizbullah”a qarşı peycer əməliyyatı keçirdi. İsrail kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatıdır.

İsrail “Hizbullah”ı sıradan çıxarsa, artıq məsələni tam bitirə biləcək. İsrail bilir ki, “Hizbullah”la müharibəyə başlasa ,ABŞ də qoşulacaq. “Hizbullah” ABŞ ilə bacarmayacaq. Çünki hava üstünlüyü ABŞ-nin tərəfindədir.

Bundan əlavə, İranı da prosesə qoşmaq istəyirlər. Belə olan halda, İranı işğal edə bilməsələr də, viran günə qoyacaqlar”.

Səxavət Məmməd

COP29