“İran müharibənin davam etməsini istəmir. İsrail isə cavab reaksiyası haqqında düşünə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında İsrailin İranı hədəf alması ilə bağlı səsləndirdiyi bəyanatın mövcud gərgin münasibətlərə necə təsir edəcəyi ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bundan sonra baş verə biləcək hadisələrin iki istiqamətdən biri üzrə inkişafı mümkündür.
“Hər iki istiqaməti İsrailin baş naziri Benyamin Netanyahu və onun hökuməti formalaşdıracaq. Ancaq bu yollar hansılardır?” – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, ilk olaraq atəşkəs elan oluna bilər.
“Yəni İsrail hələ ki, İrana hücumu lazım bilməyəcək. Çünki iki cəbhədə döyüşmək təbii olaraq çətindir. HƏMAS-la mövcud müharibə şəraitində İranla münaqişənin dərinləşməsi müəyyən çətinliklər yarada bilər. Eyni zamanda, ABŞ-də bunun əleyhinədir. Nəticə etibarilə Vaşinqton prezident seçkilərinə hazırlaşır. Əlavə olaraq, ABŞ prezidenti Co Bayden sanki Netanyahunu dolayı yolla desək “vurdular, ancaq nəticə əldə etmədilər, bu kifayətdir”, tərzində başa salmağa çalışır. Amma Suriyadakı mövqelərinə zərbə endirildiyi üçün İsrail yenə də İranın yaxasından əlini çəkməyəcək”, – deyə o bildirib.
E.Şahinoğlunun sözlərinə görə, Netanyahunun mühafizəkar siyasətçi olduğunu nəzərə alaraq, hökuməti ilə birgə İrana zərbələr endirilməsi ilə bağlı qərarı təsdiqləməsi digər istiqamətdir:
“Bu isə təbii olaraq müharibəni daha da alovlandıra bilər. Düzdür, İranın cavabları olsa da nəticə verməyəcək. İsrail bir raket atəşi ilə İranın Suriyadakı konsulluğunu dağıtdı və 10-a yaxın generalını öldürdü. İran isə İsrail istiqamətdə 100-lərlə raket buraxdı, lakin bir hərbçi belə öldürə bilmədi. Ona görə də İran müharibənin davam etməsini istəmir. İsrail isə cavab reaksiyası haqqında düşünə bilər”.
Nəsimi Ələsgərli