İsrailin hədəfini “Hizbullah”a çevirdi – Bu qruplaşmaya qarşı fərqli yanaşma

“Artıq 7 oktyabr 2023-cü il hadisəsi – HƏMAS-ın İsrailə təxribatından sonra başlayan qarşıdurmada Təl-Əviv administrasiyası keçən 11 ay ərzində Qəzza bölgəsində hərbi əməliyyat şəraitinə artıq tam nəzarət etməkdədir”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Mürtəza Bünyadlı deyib.

O, İsrailin son günlər Livandakı “Hizbullah” qruplaşmasına qarşı başlatdığı əməliyyatlardan və bu ölkənin sözügedən qruplaşma ilə bağlı planlarından söz açıb.

M. Bünyadlının fikrincə, İsrail artıq HƏMAS-ın bütün hərbi strukturlarını sıradan çıxarıb:

“HƏMAS bu gün yalnız hərbi struktur cəhətdən yüngül silahlarla İsrail ordusuna qarşı müqavimət göstərə bilir. HƏMAS-ın bütün hərbi strukturları məhv edilib və yalnız kənarda siyasi strukturları qalıb.

İsrail Qəzzada nəzarəti ələ keçirəndən sonra növbəti hədəfini Livandakı “Hizbullah” qruplaşmasına çevirib. İsrail özünə ən böyük təhlükə saydığı HƏMAS-ı sıradan çıxarandan sonra hazırda “Hizbullah”a qarşı bütün güclərini cəmləşdirib. İsrail artıq bu istiqamətdə əməliyyatlara başlayıb. Lakin İsrail HƏMAS-a qarşı olan taktikalarından fərqli olaraq, “Hizbullah”a qarşı fərqli bir yanaşma elan edib. Çünki “Hizbullah” HƏMAS-dan güclü hərbi struktura malik bir qüvvədir”.

Onun sözlərinə görə, 2006-cı ildə “Hizbullah”la İsrail arasında hərbi toqquşma yarananda SAXAL (İsrail Müdafiə Qüvvələri – red.) məğlub olaraq geri çəkildi:

“Amma bu gün isə hərtərəfli formada “Hizbullah”ı sıradan çıxarmaq üçün İsrail kompleks tədbirlərə əl atır. Birincisi, İsrail “Hizbullah”ın kənar güclərini, əsasən də İranı tərksilah edib müqavimət gücünü azaltdı; ikincisi “Hizbullah” qüvvələri arasında rabitəni pozmaq üçün peycerləri partladı ki, bu gün “Hizbullah” qüvvələri arasında koordinasiya pozulub; üçüncüsü isə artıq İsrail “Hizbullah”a məxsus hərbi və mülki obyektləri nöqtə atışı ilə vurmaqdadır. Belə demək olar ki, SAXAL “Hizbullah”ı sıradan çıxarmaq üçün intensiv əməliyyatlar keçirməyə başlayıb”.

Mütəxəssis onu da diqqətə çatdırıb ki, bu məsələdə İran nə “Hizbullah”a ciddi dəstək, nə də ki, İsrailə beynəlxalq təzyiqi təşkil edə bilmir:

“Bu proses müəyyən müddət çəkəcək. Özü də ki, İsrail ABŞ-dəki seçki fürsətindən istifadə edib “Hizbullah”ı maksimum dərəcədə zərərsizləşdirməyə çalışacaq. Amma onun bunu etməsi müəyyən zaman alacaq. İsrail nə dərəcədə buna nail olacaq, bunu indidən demək çətindir. Lakin, demək olar ki, Təl-Əviv müəyyən bir hissədə istəyinə nail ola bilib ki, bu istiqamətdə də istəklərinə davam edəcək. Çünki İsrailin ordu sözçüləri bir neçə gün öncə mülki insanlara çağırış edərək onların SAXAL hərbçilərindən uzaq durmalarını söyləyib. Yəni ki, İsrail israrlıdır və bu məsələdə kiminsə beynəlxalq aləmdə ona qarşı dura biləcək gücü yoxdur. Odur ki, İsrail yaranmış situasiyadan faydalanıb maksimum dərəcədə “Hizbullah”ı sıradan çıxarmaq istiqamətində öz hərəkətlərini davam etdirəcək. Növbədə isə “husilər” olacaq”.

Rafi Müslümov

COP29