İsrailin HƏMAS-dan sonrakı HƏDƏFİ: “Ən böyük təhlükə ondan ibarətdir ki…”

“İsrail HƏMAS-ı ciddi şəkildə zəiflətdikdən sonra özünə qarşı problem yarada biləcək digər hədəflərə doğru yönəlib. Lakin burada həm də başqa məqsədlər də mövcuddur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq son günlər İsrail və Livan arasında gərginləşən proseslərdən söz açıb.

Onun sözlərinə görə, bu gün İsrailə ABŞ-nin dəstəyinin stabil qalması lazımdır:

“Bunu da təmin etməyin ən real yolu ondan ibarətdir ki, İsrail ətrafında münaqişə ocaqları həmişə aktiv şəkildə qalmış olsun. Benyamin Netanyahu hökuməti də bu faktordan istifadə edir və əvvəlcə HƏMAS, ardınca isə “Hizbullah” üzərindən Livana endirilən zərbələr, təbii ki, ABŞ-ni narahat edir və Vaşinqtonu Təl-Əvivə maliyyə və hərbi dəstək vermək məcburiyyətində buraxır”.

Mütəxəssisin qənaətinə görə, eyni zamanda, sözügedən situasiya ABŞ-dəki prezident seçkilərinə də təsir göstərə bilər:

“Biz bilirik ki, prezident seçkilərində Donald Tramp və Kamala Harris arasındakı mübarizədə yəhudi faktorunun çox ciddi təsiri mövcuddur. Fikrimcə, İsrailin hazırda olduğu situasiyaya prezidentliyə namizədlərin yanaşma tərzi ABŞ yəhudilərinin hansı tərəfə səs verəcəyini müəyyənləşdirən faktora da çevrilə bilər”.

Siyasi şərhçinin qənaətinə görə, hələlik “Hizbullah”ın ümumi gücünün hansı səviyyədə olduğu bəlli deyil:

“HƏMAS-la bağlı müəyyən aydınlıqlar mövcud idi, çünki vaxtaşırı İsrail və HƏMAS arasında toqquşmalar baş verirdi. Amma “Hizbullah”ın gücünün əhatə dairəsini müəyyən etmək hələlik o qədər də asan deyil. Bu baxımdan, İsrail-“Hizbullah” toqquşmalarının necə nəticələnəcəyi məlum deyir. Ən böyük təhlükə də ondan ibarətdir ki, “Hizbullah” mövqelərinə – Livan ərazilərinə endirilən zərbələr Yaxın Şərqdəki savaş arealını ciddi şəkildə genişləndirir və bu proses davam edərsə, münaqişənin qlobal savaşa çevrilməsi təhlükəsi getdikcə reallaşa bilər”.

Rafi Müslümov

COP29