İsrailin qarşısına qoyduğu HƏDƏF: “Bu qarşıdurma sübut etdi ki…”

 

“HƏMAS-ın İsraillə müharibəsi regionda qüvvələrin balansını göstərdi. Bu hadisələr sübut etdi ki, Qəzza zolağı və Livanın cənubu İran tərəfindən işğal olunmuş ərazilərdir və orada HƏMAS-la “Hizbullah” yerləşdirilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

 

Analitik ötən ilin bu tarixində HƏMAS-ın “Əqsa tufanı” adlı əməliyyatla İsrailə hücum etməsindən sonra bölgədə yaranmış gərgin vəziyyəti şərh edib.

S.Soltanın fikrincə, bu məsələdə heç bir halda Fələstin dövlətinin maraqları, onun tanınması, eləcə də Livan-İsrail münasibətləri məsələləri dayanmır, əksinə, İran və proksi qüvvələrinin Qərbə müqaviməti məsələləri əsas yer alır. Bu istiqamətdə də müharibə aparılır:

“Bu qarşıdurma sübut etdi ki, İsrail hərbçiləri və onun arxasında dayanan qüvvələr əvvəlki müharibələrdə buraxılmış səhvləri aradan qaldırmağa fokuslanıblar. Artıq HƏMAS-ın yerləşdiyi Qəzza zolağı, demək olar ki, dağıdılıb və HƏMAS-dan İsrailə elə bir təhlükə gözlənilmir. Bir sıra məlumatlara görə HƏMAS Siyasi Bürosunun yeni lideri Yəhya Sinvardan belə xəbər yoxdur, eləcə də 1992-ci ildən indiyə qədər İsraili təhdid etmiş “Hizbullah”ın lideri Həsən Nəsrullah da zərərsizləşdirilib. Habelə İranın bir neçə generalı, hətta SEPAH-ın Qüds qolunun komandanı İsmayıl Qaanidən də xəbər yoxdur”.

Mütəxəssis diqqətə çatdırıb ki, bu, İsrail və onun müttəfiqlərinin qarşısına qoyduğu hədəflərdən idi:

“Yəhudi dövlətinin rəhbərliyi elan etdi ki, İsrailin təhlükəsizliyini təhdid edən istənilən qrupu və fərdi zərəsizləşdirəcəklər. Hətta bunlar xaricə belə olsa… Xaricdə HƏMAS Siyasi Bürosunun sabiq baş katibi İsmayıl Həniyənin zərərsizləşdirilməsi İsrailin xaricdə də bu tip qüvvələrin sıradan çıxarılması üçün məqsədlərini yerinə yetirməsinin göstəricisidir. Bu, həm də onu göstərdi ki, Yaxın Şərqdə vəziyyət çox gərgindir. Suriya və İraqdakı İranyönümlü qüvvələr hələ də mövcuddur və fəaliyyət göstərirlər. Eləcə də “Ənsərullah” – husilərlə bağlı hadisələr qüvvədədir.

Ötən bir il ərzində İranla İsrail müasir tarixində bir-birinə edilməyən hücumlar baş verdi. Aprel ayında İran 2 dəfə İsrail ərazisini vurdu. Üçüncü hücum isə oktyabrın 1-də baş verdi. Amma İsrail bu hücumların heç birinə cavab verməyib. Yəni İsrail İran ərazisinə raket hücumu etməyib. Bu hücumların hamısı isə İranın cavab tədbirləri kimi qiymətləndirilib. Odur ki, İsrail İrana 3 zərbə borcludur. Lakin Təl-Əviv bunun cavabını Suriya, Livan və Qəzza zolağında verib”.

Onun qənaətinə görə, bu gün Rusiya ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndiyi bildirilir:

“İran tərəfi iddia edir ki, Rusiya İrana S-400 zenit raket qurğusu verib. Bu isə o deməkdir ki, İranı regionda hərbi texnika cəhətdən gücləndirirlər. Bundan başqa, Çin yeni dünya nizamında Rusiya ilə eyni mövqedə olduğunu bəyan edir. Regiondakı vəziyyət qarışmağa, ziddiyyətlər isə kulminasiyaya doğru irəliləyir.

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib söylədi ki, indiki rejimdən sonra İran xalqı ilə İsrail xalqı daha yaxşı yaşayacaq. Lakin Baş nazir müraciətində çox böyük səhvə yol verdi. Çünki o, fars xalqı ifadəsini işlətdi, amma İranda farslarla yanaşı, türklər, ərəblər, bəluclar və digər xalqlar da yaşayır. Netanyahunun İrana baxışı ABŞ-nin SSRİ-yə milli-etnik baxımdan olan baxışına oxşayır. O vaxtı Qərb də SSRİ-yə Rusiya kimi baxırdı və SSRİ vətəndaşlarının hamısına rus deyirdi. Görünən odur ki, Netanyahunun bu məsələdə səhvi var.

Qısacası, hazırkı vəziyyətdə İsrail və tərəfdaşları İranın proksilərinə hücumları davam etdirəcək. İrana zərbə endirilməsi məsələsi isə gündəmdə qalacaq, sadəcə olaraq, bu ölkəyə zərbə endirməməklə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoyurlar”.

Rafi Müslümov

COP29