“İsrailin Beyruta hava zərbələri endirməsinin əsas səbəbi İranın İsrail ətrafındakı mövqelərinin zəiflədilməsidir. Çünki bir tərəfdən HƏMAS, başqa bir tərəfdən Livanda “Hizbullah”, eləcə də Suriyada İranın dəstəklədiyi proksi qüvvələr və Yəməndəki husilər (“Ənsərullah” – red.) bilavasitə İranın vuran əlləridir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Siyasi şərhçi ötən gün İsrail ordusu tərəfindən Livanın paytaxtı Beyrutun avizərbələrlə bombardman edilməsini, habelə yəhudi dövlətinin region ölkələri ilə gərginləşən münasibətlərini şərh edib.
N. Mirinin fikrincə, bu baxımdan, bu gün İsrail üçün bir neçə istiqamətdə ciddi problemlər yaranıb:
“Ona görə də birbaşa İranın özü ilə deyil, əksinə, onun vuran əlləri ilə İsrail dövləti mübarizə aparmağa başlayıb ki, bu da bir növ hədəfdir. Çünki İranın vuran əllərini zəiflətməklə onu tamamilə sıradan çıxarmaq İsrailə olan təhlükəni aradan qaldırmayacaq. Ancaq birbaşa İranla münaqişəyə girmək, görünür, İsrailin boyunu aşan məsələdir və buna risk etmir. Ən azından, bunu etmək üçün İsrailin ciddi beynəlxalq koalisiya yaratmasına ehtiyac var ki, bu da indiki vəziyyətdə problematikdir. Çünki ABŞ seçkilər ərəfəsindədir və belə bir vəziyyətdə İranla böyük bir müharibənin başlaması, sadəcə, İsrail-İran müharibəsi ilə məhdudlaşmaya bilər”.
“Ayrıca, bir də İsrailin bəzi narahatlıqları burada mövcuddur. Belə ki, sözügedən məsələ uzandıqca, habelə fələstinlilərin kütləvi olaraq qətlə yetirilməsi prosesi davam etdikcə, İsrailə silah verən ölkələr artıq düşünməyə başlayırlar. Bu yaxınlarda Böyük Britaniyanın yeni Leyborist hökumətinin lideri, Baş nazir Keir Starmer artıq İsrailə silah satmağın dayandırılması ilə bağlı yaxın günlərdə qərar vermək istəyindədir. Bu isə İsrailə dəstək verən digər dövlətlərə nümunə ola bilər. Ona görə də İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər etmişdi ki, ən azından, Livana qarşı böyük müharibə olduğu təqdirdə, İran prosesə müdaxilə edərsə, İsrailin müdafiə olunub-olunmayacağı və beynəlxalq koalisiyanın yaradılıb-yaradılmayacağı nəbzini yoxlasın”, – deyə o, əlavə edib.
Ekspert əlavə edib ki, lakin bu məsələ alınmadı, çünki ABŞ indiki çətin vəziyyətdə buna qərar verərsə, bu ABŞ administrasiyasının növbəti seçkidə ictimai rəydə məğlubiyyəti demək olacaq:
“İsrail bu gün ABŞ-yə güvənərək bu addımları atır, ancaq bu da bir yerə qədərdir. Sadəcə olaraq, İsrailə və Netanyahuya imicini qoruması üçün Livandakı “Hizbullah”ın Qolan tərpələrinə hücumunda ölmüş insanların qisasını almağa ehtiyacı var idi ki, son əməliyyatları da təxminən bu kontekstdə dəyərləndirilir. Düşünmürəm ki, İsrail bundan o tərəfə keçə bilsin. Əgər keçərsə, bu, artıq Təl-Əviv hakimiyyəti üçün çox böyük problem olar və tezliklə İsraili daha da tükəndirər. Ona görə ki İsrail artıq güclənən deyil, getdikcə, tərəfdarlarını itirən və zəifləyən bir ölkədir”.
Rafi Müslümov