“İsraillə İran arasında qarşıdurmanın olacağı gözləniləndir və bu, qaçılmazdır. Sadəcə olaraq, burada söhbət ondan gedir ki, bu qarşıdurmanın miqyası və forması necə olacaq?”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi son günlər İranla İsrail arasında gərginləşən münasibətlərdən, habelə İranın İsraili vuracağı ilə bağlı yayılan informasiyalardan söz açıb.
Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, İran indiyə qədər bu məsələlərlə bağlı öz qürurunu qorumaq üçün addımlar atıb:
“Bunlardan biri Qasım Süleymaninin qətlə yetirilməsi hadisəsi ilə əlaqədardırsa, ikincisi də aprel ayında Dəməşqdə İran konsulluğuna edilən hücuma cavab olaraq keçirilən əməliyyatdır. Lakin bu əməliyyatın nəticələri bəlli idi və bunu tamaşa kimi də adlandırmışdılar. Ona görə ki İran əvvəlcədən xəbər verməklə qarşı tərəfin hazırlaşmasına rəvac vermişdi.
Budəfəki əməliyyatın formasında isə hansısa ciddi dəyişiklik olacağını düşünmürəm. Burada İran istiqamətdən addım ata bilər: birincisi, keçən dəfə olduğu kimi öz ərazisindən raket və dronlarla İsrailə hücum edəcək və budəfəki hücumun miqyası apreldəki hücumdan daha irimiqyaslı olacaq. Ona görə ki Tehranın ən təhlükəsiz ərazisində İranın ali qonaqlarından biri – HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Həniyə öldürülüb”.
O. Qasımovun qənaətinə görə, burada ikinci məsələ isə budur ki, İranın İsraillə sərhədinin olmadığı üçün Tehran hücum əməliyyatlarını proksi qüvvələri ilə həyata keçirə bilər:
“Artıq İsraillə HƏMAS arasındakı savaş 10 aydır davam etməkdədir. Buna paralel olaraq, “Hizbullah”ın İsrailə hücumlarını da əlavə edə bilərik. Çünki “Hizbullah” tərəfindən aktivliyin müşahidə olunması və qarşılıqlı raket zərbələrinin endirilməsi məhz buna işarədir.
İranın “Hizbullah” və HƏMAS-dan başqa digər proksi gücü isə “Ənsərullah”dır. Lakin husilərin də hansısa ciddi bir resursu yoxdur ki, İsraili vursunlar. Bundan əlavə, İraqda yerləşən “Haşdi-Şabi” qruplaşması və Suriya rejimi də mövcuddur. Amma rejimin İsraillə birbaşa toqquşmaya girəcəyi mümkün görünmür. Qısacası, İran “qürur”unu qorumaq üçün bu əməliyyatı aparacaq, amma nəticənin fərqli olacağına inanmıram.
O ki qaldı proksi qüvvələrə, HƏMAS-ın hərbi potensialının ¾-ü sıradan çıxarılıb. Heç təsadüfi deyil ki, HƏMAS rəhbərlərindən biri 7 oktyabr əməliyyatının strateji səhv olduğunu etiraf etdi. Çünki HƏMAS artıq zəiflədilib və Qəzza zolağının əhəmiyyətli hissəsi İsrailin nəzarətindədir. Yerdə isə daha ciddi hərbi potensiala malik “Hizbullah” qalır ki, onlar da İsrail üçün müəyyən hərbi problemlər yaradır. Lakin sözügedən qarşıdurmada İsrailin gücü açıq görünür”.
Rafi Müslümov