“İstanbul-2” formatı yenidən GÜNDƏMDƏ: Rusiya Ukrayna ilə bağlı forumda iştirakdan imtina etdi

“İstanbulda Ukraynanın Bərpası Forumunun keçirilməsi ilə bağlı müxtəlif fikirlər var idi. Tədbirdə sanki Ukraynaya dəstək və post-müharibə dövründə Ukraynanın yenidən qurulması, tikintisi istiqamətində fikirlər daha çox müzakirə predmetinə çevrilmişdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi Ukraynanın Bərpası Forumunun bu gün İstanbulda start götürməsi, habelə tədbirin Ukraynaya nələri vəd etməsindən söz açıb.

Onun sözlərinə görə, şübhəsiz ki, burada əsas məsələ hərbi, iqtisadi və mənəvi dəstək prioritet hesab olunacaq:

“Düşünürəm ki, bu cür tədbirlər əsasında həm də müəyyən formada Qərb tərəfindən Ukraynaya verilən silahların Rusiya ərazisində tətbiqi ilə bağlı da əsaslandırma önəmli olacaq. Digər tərəfdən, Ukrayna həm də silah-sursat və resurs çatışmazlığı yaşayır. Rusiya tərəfi isə belə bəyanatlar vermir və Moskvanın resursları çoxluq edir. Lakin Rusiya özü də siyasi-iqtisadi və hərbi yöndə siyasi partnyorlar axtarır”.

İ. Hüseynova görə, eyni zamanda, ayrı-ayrı region təşkilatlar istiqamətində bu çalışmalar davam edir:

“Xüsusilə də BRICS təşkilatının bu gün gündəmdə olduğunu görürük. Bununla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatını da qeyd edə bilərik.

Rusiyanın sözügedən forumda iştirak etməməsinə gəldikdə isə bu, tamamilə Ukraynapərəst bir tədbirin keçirilməsindən xəbər verir. Sülh ilə bağlı təşəbbüslər də mövcuddur, hətta “İstanbul-2” formatı yenidən gündəmə gəlsə də, görünən odur ki, kollektiv Qərb daha çox silahlanma, Ukraynanın əks-hücum əməliyyatları, torpaqların azad edilməsi, habelə ərazi bütövlüyü və suverenlik yönündə öz fikirlərini bölüşür ki, bu da daha çox konfrontasiyanı gücləndirən bir amildir. Həmçinin adıçəkilən fikirlər eskalasiya risklərini daha da artırır. Belə görünür ki, qarşıdakı müddətdə sülh yox, daha çox döyüş əməliyyatları teatrında bütün mübahisələrə son qoymaq əsas hədəf kimi irəliyə sürülüb”.

Rafi Müslümov

COP29