!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbul hava limanında törədilmiş terror aksiyasının azərbaycanlı şübhəlisi barədə yeni faktlar açıqlandı - İttihamnamədən

!Reklam – Yazi

28 iyun 2016-cı ildə İstanbulun Atatürk hava limanında törədilmiş terror aksiyasının prokurorluq ittihamnaməsi hazırlanıb.

Bu barədə Yeniçağ.az-a məlumat Türkiyənin prokurorluq orqanlarından daxil olub. 265 səhifədən ibarət olan ittihamnamədə terror aksiyasını törətməkdə şübhəli bilinən 46 şəxsin ad-soyadları 5 qrupda təsnif edilib. I qrupa daxil olan 3 nəfərdən birinin (canlı bomba olduğu və özünü partlatdığı üçün) şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. II qrupa daxil olan 13 şübhəli şəxs arasında Azərbaycan vətəndaşı Elçin Kamil oğlu Bünyadov da var. III qrupda 18, IV qrupda 7, V qrupda 4, VI qrupda 1 şübhəli şəxsin adı qeyd edilib. Fərari şübhəli şəxslərin adları isə onların hazırda həbsdə olan şübhəli şəxslərlə əlaqələri müəyyənləşdirilərkən çəkilib. 28 iyun 2016-cı ildə İstanbul hava limanında törədilən və 45 nəfərin ölümü, 163 nəfərin yaralanmasıyla nəticələnən terror aksiyasının prokurorluq ittihamnaməsində adı şübhəli şəxs kimi keçən Azərbaycan Respublikasının vətəndaşı Elçin Kamil oğlu Bünyadov (doğum tarixi: 18.10.1976) Türk Cəza Qanununun 8 maddəsiylə aşağıdakı səbəblərdən təqsirli bilinir:

– Silahlı terror təşkilatına üzv olmaq
– Terror təşkilatı qurmaq və idarə etmək
– Konstitusion sistemi aradan qaldırmağa təşəbbüs etmək
– Planlaşdıraraq adam öldürmək (45 dəfə)
– Planlaşdıraraq adam öldürməyə təşəbbüs etmək (163 dəfə)
– Keyfiyyətli mal-mülkə ziyan vurmaq (24 dəfə)

İttihamnamədə 28 iyun 2016-cı ildə İstanbulun Bakırköy rayonunda cinayət törədən Elçin Bünyadovun 30 iyunda polis nəzarətinə alındığı, 3 iyulda isə Bakırköy III Sülh cəza məhkəməsi tərəfindən həbs edildiyi yazılıb. Terrorla Mübarizə Qanununun VII maddəsinə görə polis tərəfindən saxlanılan Elçin Bünyadov Türk Cəza Qanununun 37, 314/1-2, 309, 82/1.a, 82/1.a-35, 152/1a , 2a, 3, 53 və 54-cü maddələrinə görə məhkəmə tərəfindən həbs edilib. Elçin Bünyadovu və eləcə də şübhəli şəxslərin bir qismini həbs edildikləri məhkəmə iclasında İstanbul Vəkillər Kollegiyasından təyin edilmiş vəkil Atanur Dəmir müdafiə edib.

İstanbul Baş Polis İdarəsinin və kəşfiyyat şöbəsinin əldə etdiyi materialların əlavə olunduğu prokurorluq ittihamnaməsinin 108-109-cu səhifələrində Elçin Bünyadovun İstanbulun Eyüp rayonundakı evindən tapılan cinayət üçün şübhəli görünən dəlillər və onun digər şübhəli şəxslərlə kommunikasiya əlaqələri öz əksini tapıb. Bünyadov cinayətin törədilməsində aktiv rolları olmuş bəzi şəxsləri tanıdığını etiraf edib. İttihamnamədə şübhəli şəxslərin Rusiya Federasiyası, Misir, Tunis, Əlcəzair, Suriya, Özbəkistan, Türkiyə vətəndaşları olduqları qeyd edilərək, Elçin Bünyadovun Şimali Qafqaz əsilli Rusiya vətəndaşlarıyla əlaqədə olduğu və terror aksiyasından əvvəlki 3 gün ərzində onlardan bəziləriylə telefon əlaqəsi saxladığı müəyyənləşdirilib.

Terror aksiyasında şübhəli hesab olunan Elçin Bünyadovun evindən İŞİD terror təşkilatının üzvü olan şəxslərə müxtəlif vaxtlarda göndərdiyi pulların bank qəbzləri və həmçinin, Azərbaycan əsilli başqa bir şəxsin Türkiyədəki “yaşama icazəsi” vəsiqəsinin fotosu tapılıb. Hava limanındakı terror hadisəsində şübhəli bilinən N.G. və R.E. ad-soyadlı iki nəfərin isə fərari olduğu və digər 3 fərari ilə birlikdə yaxalanaraq həbs edilmələri ittihamnaməni imzalayan baş prokurorun müavini tərəfindən tələb edilib. Polisin apardığı ballistik analiz məruzələrinin, şübhəli şəxslərin ifadələrinin, şübhəli şəxslərin öz aralarındakı telefon danışıqlarının mətnlərinin,Whatsapp və Skype mesajlaşmalarının, İŞİD terror təşkilatının bəzi fəaliyyətlərini əks etdirən fotoların və şübhəli şəxslərin ifadələrinin daxil edildiyi ittihamnamənin sonunda 28 iyun 2016-cı ildə İstanbulun Atatürk hava limanında terror hadisəsi törədərək, 45 nəfərin ölümünə və 163 nəfərin yaralanmasına səbəb olduğu iddia edilən 46 şübhəli şəxsin Türk Cəza Qanununun 8 maddəsinə görə cəzalandırılması tələb edilib. Yaxın günlərdə müvafiq məhkəmənin ittihamnaməni qəbul etməsi gözlənilir.

Yeniçağ.az

www.yenicag.az

803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv