İstanbulda 2 milyonluq “Evet” mitinqi: Ərdoğan “Referendum akkordu”nu vurur

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) referendum kampaniyası çərçivəsində bu gün İstanbulda əsas mitinqini keçirəcək.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 16-00-da İstanbulun Yenikapı Mitinq meydanında başlayacaq aksiyanın əsas şüarı “Vətən ən böyük sərvət, sabahlarımız üçün Evet” olacaq.
Məlumata görə, 2 milyon insanın qatılacağı gözlənilən mitinqin hazırlıqları başa çatdırılıb. Mitinq meydanında eni 95, hündürlüyü isə 16 metr olan 600 ton ağırlığında nəhəng səhnə quraşdırılıb.

Protokol qaydalarının tətbiq edilməyəcəyi səhnənin sol tərəfi rəsmi şəxslər, şəhid ailələri, qazilər və fiziki sağlamlığı məhdud olan vətəndaşlar üçün ayrılıb.

17 iri monitorun quraşdırıldığı mitinq zonasında asayişi 5 min polis qoruyacaq. Bundan başqa, 700 həkim və 70 təcili yardım servisi də mitinq iştirakçılarının xidmətində olacaq. Vətəndaşların mitinqə rahat gedə bilmələri üçün 6 min avtobus və 185 kater ayrılıb.

Mitinqə prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım da qatılacaq.

Yeniçağ.Az