“İslahatçı Gənclər” İctimai Birliyi, “Edu Time” Təhsil və İnkişaf Mərkəzi və “Peak Network”un təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramı baş tutub.
16-20 noyabr tarixlərində keçirilən proqram azərbaycanlı müəllimlər Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunu ziyarətlə başlayıb.
Heyəti qəbul edən baş konsul Nərminə Mustafayeva bildirib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində əməkdaşlıq ən yüksək səviyyədədir.
Proqram iştirakçıları səmimi qəbula görə baş konsula təşəkkür ediblər.
Proqram iştirakçıları daha sonra Türkiyənin ən nüfuzlu universitetlərindən olan İstanbul Aydın, Haliç Universitesi və Üsküdar Universitetlərini eyni zamanda Bil Okullarını ziyarət ediblər.
İstanbul Aydın Univetsitetinin Mütəvvəli Heyət Başqanı Mustafa Aydın, Üsküdar Universitetinin rektoru Nazife Güngör, Haliç Universitetinin genel sekreteri Burak Başkan Azərbaycandan gələn heyətə təhsil ocaqlarındakı şərait və universitetlərində tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat veriblər.
Daha sonra azərbaycanlı müəllimlər təlimlərdə iştirak edərək təhsildə texnoloji yeniliklər, süni intellekt, təhsil psixologiyası, sinfin və məktəbin idarəolunması mövzusunda təlimlərdə iştirak edərək, təhsildəki son akademik yeniliklər barədə məlumatlandırılıblar.
Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat veriblər.
Sonda proqram iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan – Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramında Azərbaycan Dövlət Pedoqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Xarici Dillər Universiteti və Bakı şəhərindən məktəb rəhbərləri, müəllimlər iştirak edib.